Göygöl rayonunda 46 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
"DİA-AZ" Demokrat.az-a istinadla xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. 1980-ci il təvəllüdlü Tehran yaşadığı fərdi yaşayış evində sərxoş halda arvadı Dürdanənin (adlar şərtidir – red.) ona pul verməsini, mağazaya olan borcunu ödəməsini istəyib.
Lakin Dürdanə pulu olmadığını dediyi üçün aralarında yaranmış mübahisə zamanı əvvəlcə əlləri ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Qadını yerə yıxdıqdan sonra onun başında olan şalı boğazına dolayaraq boğmaqla xəsarətlər yetirib.
İş üzrə izahat verən Tehran bildirib ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmayıb:
“Psixi cəhətdən özümü sağlam hesab edirəm. Mən Gəncə şəhərində qeydiyyatda olmaqla daimi olaraq Göygöl rayonunun kəndində ailəmlə birlikdə yaşamışam. Rəsmi olaraq heç bir yerdə işləmirəm”.
Təqsirləndirilən şəxs deyib ki, 2022-ci ilin yanvar ayında Dürdanə ilə evlənib, rəsmi nikahları yoxdur və həmin evlilikdən 2022-ci il təvəllüdlü bir övladı var:
“Dürdanənin əvvəlki evliliyindən olan 2017-ci il təvəllüdlü oğlu var. Həmin uşaq da bizimlə birlikdə yaşayır”.
Tehran qeyd edib ki, məlum hadisə günü, təxminən saat 17 radələrində sərxoş halda yaşadığı evə gəlib:
“Həmin vaxt evdə Dürdanədən ehtiyat pulumuzun olub-olmadığını soruşdum. Dürdanə evdə pul olmadığını bildirərək mənimlə sözlə mübahisə etməyə başladı. Daha sonra Dürdanənin övladlarını vurduğunu gördüm, ona iradımı bildirdim. Bu zaman aramızda olan münaqişə böyüdü. Həmin münaqişə nəticəsində əsəbləşərək əlim ilə Dürdanənin başına, sifətinə bir neçə dəfə yumruq zərbəsi vurdum. Həmin vaxt Dürdanənin yanından getmədim, sakitləşməsi üçün başımdakı şalı açdım və boğazına dolayaraq saxladım. Bir müddət sonra Dürdanənin sakitləşdiyini görərək onu buraxdım və evdən getdim. Sonradan arvadımın barəmdə şikayət etdiyini öyrəndim”.
İş üzrə zərərçəkmiş Dürdanənin sözlərinə görə, Tehran bir neçə dəfə onu döyərək xəsarətlər yetirib: “Tehran sərxoş olanda öz hərəkətlərini bilmir. Sonuncu dəfə hadisə günü, axşam saat 17 radələrində kənddə yerləşən evimizə ərim spirtli içki qəbul edərək gəldi. Həmin vaxt Tehran sərxoş halda məndən pul verməyimi istəyərək borcları olduğunu və borcunu ödəməli olduğunu dedi. Mən də pulum olmadığını dedim. Tehran məni dhadə, övladlarımı da öldürəcəyini dedi”.
Dürdanə qeyd edib ki, daha sonra Tehran onun əvvəlki evliliyindən olan övladının üzərinə hücum edib:
“Bu zaman Tehranın qarşısına keçərək övladımı qorudum. Ancaq Tehran əli ilə başıma, sifətimə və bədənimin müxtəlif yerlərinə bir neçə dəfə yumruq zərbəsi vurdu. Ancaq övladlarımı qorumaq üçün onları evdən çıxararaq qapını örtdüm. Tehran mənim övladlarımı qoruduğumu gördü və başında olan şalı açaraq boğazıma doladı, məni yerə yıxaraq boğmağa başladı. Mən qışqıraraq kömək istədim. Bu zaman Tehran yastığı da ağzıma qoydu. Bundan sonra Tehran məni boğmağa davam etdi. Mən nəfəs ala bilmədiyim üçün huşumu itirdim. Mən bir müddət sonra ayıldım. Həmin vaxt Tehran ayıldığımı gördü və yenidən məni boğaraq öldürmək istədi. Mən təkrar nəfəs ala bilmədiyim üçün huşumu itirdim. Mən ikinci dəfə ayıldıqda Tehran bildirdi ki, əgər şikayət etsəm, məni də, övladlarımı da öldürəcək. Tehranın məni öldürməməsi üçün şikayət etməyəcəyimi dedim. Daha sonra Tehran evi tərk edərək getdi. Mən də dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim”.
Göygöl Rayon Məhkəməsinin hökmü ilə Tehran aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 8 ay 22 gün müddətinə islah işləri cəzasına məhkum edilib.









