Gürcüstan gömrük rəsmiləri Azərbaycan yük maşınının sanksiyalı Avropa mənşəli yükü Türkiyədən Rusiyaya keçirməyə cəhdinin qarşısını alıblar.
“Cebheinfo.az” xəbər verir ki, məlumatı Gürcüstan Maliyyə Nazirliyinin Gəlir Xidməti yayıb.
Hadisə iyulun 24-də Sarp keçid məntəqəsində Türkiyədən daxil olan və Azərbaycan vətəndaşının idarə etdiyi yük maşını ilə baş verib.
Sənədləri yoxlayan gömrük rəsmiləri yükün AB-də istehsal olunduğunu və Rusiyaya göndərildiyini müəyyən ediblər. AB sanksiyaları səbəbindən yük maşını geri qaytarılaraq Türkiyəyə göndərilib.
Bir neçə saat sonra eyni yük maşını yenidən sərhədi keçməyə cəhd edib. Bu dəfə sürücü yeni mənşə sertifikatı təqdim edərək malların Türkiyədə istehsal olunduğunu iddia edib. Lakin yoxlama zamanı gömrük rəsmiləri zavod etiketlərində əsl mənşə ölkələrini - Almaniya və Xorvatiyanı aşkar ediblər.
Sənədlərin saxtalaşdırılması və sanksiya nəzarətindən yayınmaq cəhdi şübhələri səbəbindən iş materialları Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təhvil verilib.
Malların konkret nə olduğu açıqlanmayıb. Agentlik bu açıqlamanı Azərbaycan mediasında Gürcüstan sərhədində Azərbaycan nömrə nişanlı yük maşınlarının gecikməsi ilə bağlı məlumatlardan sonra yayıb. Lakin agentlik iki hadisəni birbaşa əlaqələndirməyib.












