Ukrayna özünün texnoloji üstünlüyü sayəsində Rusiyaya əməllicə dərs verməkdə, güc gəlməkdədir. “Blumberq”in məlumatına görə, Kiyev artıq döyüş meydanlarında ilk dəfə alovsaçanla təchiz edilmiş robotların tətbiqinə başlayıb. Və bu döyüş robotları Donetskin şərqində, cəbhə xəttində Rusiyanın silahlı hücum qruplarına qan uddurub, onların darmadağın edilməsində həlledici rol oynayıb.
Bildirilir ki, Ukrayna bu il ən azı, 50 min belə yerüstü pilotsuz robot istehsal etməyi planlaşdırır. Hədəf isə işğalçı orduya qarşı qəhrəmancasına vuruşan milli qüvvələrin imkanlarını gücləndirməkdir. “Ön xətdə pilotsuz yerüstü nəqliyyat vasitələrinin istifadəsi hazırda ən sürətlə genişlənən sahələrdəndir”, – Volodimir Zelenski deyib.
Bəs Azərbaycanın Silahlı Qüvvələrində bu sahədə vəziyyət necədir? Bizim Ordumuzun da döyüş robotları ilə təchizatı yönündə işlər gedirmi, yoxsa buna hələ ehtiyac yoxdur? Ukrayna ilə təcrübə mübadiləsi aparılırmı?
Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Azərbaycan ordusunun arsenalında alovsaçanla təchiz edilmiş robotların olduğu barədə rəsmi informasiya hələ açıqlanmayıb və bu silahların nümayişi həyata keçirilməyib: “Lakin mən güman edirəm ki, kifayət qədər müasir silahlarla, texnika ilə təchiz edilən ordumuzun arsenalında qeyd olunan silah var.
Alovsaçanla təchiz edilmiş robotların hansı növünə malik olduğumuz barədə məlumatsızam. Yəqin ki, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyində də bu cür müasir silah və texnikalar əldə etməyin vacibliyi məsələsi gündəmdədir. Biz dünyada istehsal olunan müasir silahların ən yaxşılarını əldə edirik və özümüzün müdafiə sənayemiz də müasir texnologiyalara əsaslanan silahlar istehsal etməkdədir. Azərbaycanın mütəxəssislərinin gələcəkdə alovsaçanla təchiz edilmiş robotların istehsalı üçün Ukrayna ilə təcrübə mübadiləsi aparması da mümkündür”.












