Bakıda yerləşən məşhur "Qaynana" restoranına baş çəkən türkiyəli turist xidmət səviyyəsindən ciddi şəkildə narazı qaldığını bildirib.
32gun.az xəbər verir ki, sifariş verdiyi yeməklərin bir saatdan gec gəldiyini və dəfələrlə unudulduğunu iddia edən turist, çəkdiyi video ilə digər insanları buraya gəlməməyə çağırıb. Çörək, qatıq və əsas yeməyin ayrı-ayrı vaxtlarda təqdim olunduğunu vurğulayan turist, göstərilən xidmətin ödənilən pulun dəyərinə uyğun olmadığını qeyd edib.
32gun.az yazır ki, "Qaynana" restoranının real, hüquqi və rəsmi sahibi rəsmi sənədlərdə də qeyd olunduğu kimi "Bridge Group of Companies" holdinqidir. Holdinqin rəsmi rəhbəri və təsisçisi tanınmış iş adamı Yaqub Hüseynovdur.
O, portfelində "Bridge Plaza", "Bridge" logistika mərkəzi, "HamamBath" kompleksləri, "Sultan İnn", "Molokan İnn", "Seven Rooms" mehmanxanaları, habelə "Jasmine" və "Bahar Cafe" kimi premium iaşə obyektləri də daxil olmaqla zəngin əmlak şəbəkəsinə sahibdir.Holdinqin rəhbəri Yaqub Hüseynov, eyni zamanda ölkənin tanınmış futbol klublarından olan "SABAH" Futbol Klubunun da sahibidir və İdarə Heyətinə rəhbərlik edir.
Bununla yanaşı, onun adı ictimaiyyətin yaddaşında daha çox bir neçə il öncə yaşanan səs-küylü torpaq qalmaqalı ilə qalıb. Mətbuatın yazdığına görə, Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun mərkəzində dayandığı qanunsuzluqlarda Hüseynovun da adı hallanırdı. İddia edilirdi ki, Xəzər rayonunun Türkan qəsəbəsində qeyri-qanuni yollarla mənimsənilən ərazilərin sonradan alıcısı məhz Yaqub Hüseynov olub.


















