Rusiya KİV-i belə məlumat yayıb ki, Ermənistan konyakını yaxın zamanda Azərbaycan, Gürcüstan və Özbəkistan içkiləri əvəz edəcək. Rusiya Ermənistanın ixrac etdiyi süd məhsullarına da tərkibindı bakteriya tapılması səbəbiylə qadağa qoyub.
İqtisadçı Rauf Qarayev “Sherg.az”a açıqlamasında bildirdi ki, bunlar əsassız məlumatlardır:
- Azərbaycan, Gürcüstanın Rusiya bazarlarında üstün mövqeyi o zaman mümkün olar ki Emənistandan ümumiyyətlə heç nə idxal edilməsin. Amma bu gün reallıq ondan ibarətdir ki Rusiyada bəlkə də ən sıx bazar, ticarət əlaqələrinin sıxlığı baxımından birinci yerdə Belorusiyadırsa, ikincisi Ermənistandır. Ermənistanda, məsələn, elə məhsullar var ki özlərində keyfiyyətli istehsal olunur, hətta daxili tələbatı ödəyir, bununla belə Rusiyadan da eyni tipdə həddindən artıq məhsullar idxal edirlər. Belə bir reallıq olduğu halda, konyak söhbətləri sadəcə siyasi gərginlik zamanı ortaya atılır. Rusiya bu cür iqtisadi manipulyasiyaları digər ölkələrə qarşı da edir. Müəyyən vaxtlarda Azərbaycan və ya Türkiyədən ixrac olunan kənd təsərrüfatı məhsullarını qəbul etməkdən müxtəlif bəhanələrlə imtina edirlər. Azərbaycandan, Türkiyədən göndərilən pomidor partiyaları dəfələrlə geri qaytarılıb.
İqtisadçı hesab edir ki, ola bilər Azərbaycan, Gürcüstan, Özbəkistan məhsullarına geniş yer veriləcək, amma bunun müqabilində Ermənistan məhsullarının bazardan çıxarılacağını düşünmək absurd olar:
- Çünki Rusiya ilə Ermənistan təkcə hərbi-siyasi ittifaqda birləşməyib, hər iki ölkənin iqtisadi təşkilatları da bir-birilə sıx əlaqədədirlər. Rusiya Ermənistanı bazardan uzaqlaşdırmayacaq. Ermənistan özü Rusiyadan uzaqlaşa bilər, lakin bu, o vaxt mümkün olar ki ya Rusiya dağılsın, ya da o qədər zəifləsin ki Ermənistan ondan qurtula bilsin. Azərbaycanın Rusiya bazarına konyak çıxarmasına gəlincə, bizdə konyak istehsalı müəyyən qədərdir. Azərbaycan onsuz da öz məhsullarını xarici bazara çıxarır. Azərbaycan çaxır istehsalında daha da irəlidədir, nəinki konyak istehsalında. Ona görə də bu vəziyyətdə Azərbaycanın Rusiya bazarlarını doldurması indiki halda mümkün deyil. Çünki Azərbaycan məhsullarını xarici bazarlara çıxarır, amma məhsul o qədər geniş həcmdə deyil ki, Rusiya bazalarını doldura bilsin.















