Amerikaya qədər gedib-çıxmışam, Avropada Paris, London, Roma, Afinasına, az qala Şimal qütbünə qədər səfərim olub, başqaları da çoxdur, daha uzatmıram. Amma burdan-bura Təbrizdə olmamışam. Çox böyük arzumdur. Arzuya bax...
Gecənin bu vaxtı qarşıma videoları çıxdı. Nə qədər gözəl yerlər, nə qədər soydaşımız, nə qədər doğmalıq... Hər baxanda elə bilirəm qəriblikdə yaşayıram, əlim çatmır, dünya qədər aramız var. Amma elə deyil axı. Beş addımlıq məsafədədirlər. Amma...
2019-cu ilin sonunda planlamışdım, yazın ortalarında "Traktor"un oyununa gedəcək, Təbrizi, Ərdəbili görəcəkdim. Pandemiya düşdü, hər şey qaldı. İndi 6 ildir bir addımlıq yolda olan yerə gedə bilmirik. Qapanmışıq qınımıza, çıxmaq fikrimiz də yoxdur. Bu sərhədin bağlı saxlanılmasının heç bir məntiqi, qeyri-məntiqi, ağıllı, dəli, bir sözlə heç cür izahı yoxdur, ola da bilməz, and içsələr də inanmaram, yalandır, özü də böyüyündən. Nağıllara inanacaq yaşımız da keçib.
Belə dərd olar...
Kənan Məstəliyev - "DİA-AZ"















