Kanalımıza müraciət edən Şamaxı rayonu, Əlövsət Abdullayev küçəsinin sakini Gülsüm Səmədova yaşadığı ərazidə yol probleminin illərdir həll olunmadığını bildirir. Onun sözlərinə görə, məhəllədə ümumilikdə 13 küçə var. Həmin küçələrdən 12-si asfaltlanıb, lakin yalnız onların yaşadığı küçəyə indiyədək asfalt örtüyü çəkilməyib. Şikayətçi bildirir ki, həyat yoldaşı Birinci Qarabağ müharibəsində şəhid olub, özü isə ürək xəstəliyindən əziyyət çəkir. Səhhəti pisləşdiyi zaman yolların bərbad vəziyyətdə olması səbəbindən təcili tibbi yardım briqadası küçəyə daxil olmaqda çətinlik çəkir. Gülsüm Səmədova qeyd edir ki, həmin küçədə yaşayan 13 ailə yolun asfaltlanması ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, müraciətlərinə baxan olmayıb. O əlavə edir ki, yağışlı havalarda küçə tamamilə keçilməz vəziyyətə düşür, mağazaya və bazara getmək belə mümkün olmur. Şikayətçi aidiyyəti qurumlardan onların yaşadığı küçənin də qısa zamanda asfaltlanması üçün müvafiq tədbirlərin görülməsini xahiş edir.
Daha ətraflı aşağıdakı videoda:

















