"Ermənistanda Rusiyapərəst qüvvələrin aktivləşməsi göz önündədir. Təkcə Ermənistanda yox, Rusiyanın özündə də bu dairələr fəallaşıblar".
Bu barədə politoloq İlqar Vəlizadə deyib.
Ekspert bildirib ki, narahatedici məqam odur ki, aktivləşən dairələrin hamısı revanşist qüvvələrdir:
"Onlar zamanında Azərbaycan torpaqlarının işğalında əli olan dairələrdir. İndi çalışırlar ki, yenidən hakimiyyətə gəlsinlər. Yaxud da öz əlaltılarını hakimiyyətə gətirsinlər və Ermənistanda yenidən anti-Azərbaycan, anti-Türkiyə siyasəti aparsınlar. Təbii ki, belə dairələrlə normal əməkdaşlıqdan, sülh danışıqlarından söhbət gedə bilməz. Bu cür qüvvələr hakimiyyətə gəlsə, sülhü unutmaq lazımdır. Rusiyada kimlərsə düşünür ki, Moskva yenə Azərbaycan və Ermənistan arasında vasitəçi, moderator qismində çıxış etməlidir. Revanşistlərin aktivləşməsinin səbəbi də budur. İstəyirlər ki, Rusiya yenidən regiona qayıtsın".
Siyasi şərhçi vurğulayıb ki, Rusiyanın əsas məqsədi Nikol Paşinyanı siyasi səhnədən çıxartmaq və öz adamını hakimiyyətə gətirməkdir:
"Zənn edirlər ki, revanşist ritorikadan istifadə etməsələr, hakimiyyətə gələ bilməzlər. Lakin ətrafda cərəyan edən proseslər tamam fərqlidir. Azərbaycan əvvəlki zəif ölkə deyil, Türkiyə və Pakistan kimi güclü müttəfiqlərimiz var. Bu amillər Rusiyanın Cənubi Qafqaz siyasətini həyata keçirməsinə imkan verməyəcək. Cənubi Qafqazdakı hadisələrin inkişafı Azərbaycan və Türkiyədən böyük mənada asılıdır. Güc mərkəzləri artıq bu iki ölkədir".