“Nazarbayev Putinlə yaxınlığı özü üçün Qazaxıstanda bir sərvət hesab edir. Onun qohumlarının bir hissəsini vəzifədən çıxarandan, xeyli hissəsinin sərvətlərni əlindən alandan, onun təsir dairəsini məhdudlaşdırandan, Astananın adını qaytarandan, heykəllərini uçurandan və s. sonra Nazarbayev hesab edir ki, Putinlə yaxınlıq Qazaxıstanda onun ən böyük zəmanətidir. Yəni Rusiya liderinə görə ona toxunmayacaqlar və qohumlarını rüşvət, korrupsiya, oğurluq və s. hallara görə cəzalandırmayacaqlar. Putin də öz növbəsində hesab edir ki, Nazarbayevlə yaxınlıq ona Qazaxıstanın keçmiş siyasi hakim sinfinə təsirini davam etdirsin”.
Bunu Moderator.az-a açıqlamasında işğalçı Rusiya diktatoru Vladimir Putinin Moskvada Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevlə gözlənilməz görüşü haqda danışan siyasi şərhçi Zərdüşt Əlizadə söyləyib.
“Bəlkə Rusiyanın Qazaxıstanla bağlı hansısa yeni planları var?” sualına isə həmsöhbətimiz belə cavab verib:
“Hesab edirəm ki, Kremlin Qazaxıstanla bağlı hər hansı bir planı yoxdur. Bəzən deyirlər, yazırlar ki, guya Rusiya Qazaxıstana hücum edəcək, ölkənin şimalını işğal edəcək və s. - bunlar doğru deyil. İki ölkə arasındakı münasibətlər normaldır. Bu gün Qazaxıstan Rusiyaya qarşı şıxış etmir. Rusiyanın bu ölkədən istədiyi əldə edilir. Moskva istəyir ki, Qərb o əraziyə ciddi nüfuz edə bilməsin, bütün geo-siyasi məsələlərdə Rusiyanın mənafeləri qorunsun – hazırkı ölkə rəhbəri Tokayev də bunları edir...”