Ermənistan parlamentinin sədri Alen Simonyanın Azərbaycanla bağlı səsləndirdiyi loyal fikirlər erməni ictimaiyyətində geniş müzakirə mövzusudur. Belə ki, o, Ermənistan və Azərbaycanın bir-biri ilə sülh, qarşılıqlı ticarət şəraitində yaşayacağını iddia edib.
Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli deyib ki, Ermənistanda Artur Vanetsiyanın hücumuna qarşı Paşinyan tərəfdən müəyyən addımlar atılır:
“Elə bu səbəbdəndir ki, Rusiyanın siyasi təzyiqləri artdıqca Vanetsiyanın namizədliyinin arxasında Serj Sərkisyan və Robert Köçəryanın durması artıq qeyri-rəsmi də olsa, hiss edilir. Belə görünür ki, Moskvanın adamı siyasi meydana çıxarılır və 2026-cı il seçkilərində Rusiyanın fəallaşmasına start verilir.
Bu kontekstdə Ermənistanın indiki hakimiyyəti üç vacib tezislə diqqət çəkir:
Birinci mərhələ
Burada görünən odur ki, hakimiyyətin daxilində liderlik uğrunda mübarizə var. Baş nazir Nikol Paşinyan əsas fiqurdur. Alternativ olaraq Alen Simonyan və ya Ararat Mirzoyan önə çıxır. Hər biri liderlik iddiası ilə çıxış edir və mübarizəyə rəhbərlik etmək niyyətindədir. Bunun üçün əsas şərt isə sülh müqaviləsinə müəyyən qədər nail olmaqdır.
İkinci mərhələ
Bu mərhələdə Ermənistan hakimiyyəti ya Rusiya ilə yollarını ayırmalı və Azərbaycan-Türkiyə ilə münasibətləri normallaşdıraraq hakimiyyətdə qalmalı, ya da hakimiyyəti revanşist, Rusiyayönümlü dairələrə təhvil verməlidir.
Burada əsas arqument kimi Simonyan göstərir ki, 1915-ci il hadisələrinin, yəni erməni soyqırımı iddialarının ideoloji kökü Qərbi Ermənistan iddiasına dayanır. Ermənistan bu siyasəti davam etdirdikcə Türkiyə ilə normallaşma prosesi mümkünsüz olur və bu da Ermənistanın milli maraqlarına ziddir.
27 mayda Ermənistan parlamentində Simonyan Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış konsepsiyasına münasibət bildirdi. Onu bu şəkildə şərh etdi ki, “artsaxda” separatçılıqla məşğul olan şəxslərin siyasəti üzərindən rəsmi Bakı Qərbi Azərbaycan ideyasını gündəmə gətirdi. Simonyanın “Qərbi Azərbaycan” ifadəsini işlətməsi bu ideyanı legitimləşdirir.
Azərbaycan məhsullarının Ermənistanda satılması məsələsi də gündəmə gəlib. Bu, sadəcə iqtisadi deyil, eyni zamanda ideoloji və simvolik bir məsələdir.
Üçüncü mərhələdə
Ermənistan Zəngəzur dəhlizindən imtina etsə belə, mahiyyətcə bu, məsələni yenidən gündəmə gətirir. Yəni istər sülh müqaviləsi çərçivəsində, istərsə də alternativ logistik yollarla bu bölgədən keçidlər təmin etmək istəyir. Azərbaycan isə bu məsələdə fərqli düşüncələrə sahibdir”.