“Zəngəzur dəhlizi ilə bağlı müxtəlif güc mərkəzlərinin çox fərqli maraqları var. Çin, Azərbaycan, Türkiyə, Orta Asiya ölkələri və bir çox Avropa ölkələri, hətta Amerika Birləşmiş Ştatlarının özü də Zəngəzur dəhlizinin açılmasına qarşı deyil, əksinə, onu dəstəkləyirlər və biz Amerikanın keçmiş dövlət katibinin müavininin də məlum bəyanatlarını xatırlayırıq. Əlbəttə ki, bu dəhlizə mane olmaq istəyən bir neçə ölkə var ki, onların arasında Hindistan və İran var”.
Bu barədə politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran Zəngəzur dəhlizinin açılmasını özünün maraqlarına zidd hesab edir və bu dəhlizin bağlı qalması ilə öz ərazisindən Araz dəhlizi üzərindən bütün yüklərin daşınmasına çalışır.
“Bu, İrana həm siyasi, həm də iqtisadi dividendlər gətirə bilər. Ermənistana da, məhz bu istiqamətdə təkliflər edilir. O ki, qaldı Hindistana, şübhəsiz ki, Hindistan özünün düşməni hesab etdiyi Pakistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini heç cür qəbullana bilmir. Məhz Ermənistanı silahlandırıb, revanşa təhrik edən ölkələrin başında həm də Hindistan gəlməkdədir. Hindistan 25 ildən artıqdır Ermənistan və İranla utopik bir şimal-cənub dəhlizi layihəsini müzakirə edir. Amma 25 il yalnız müzakirə səviyyəsində qalıb və əməli hansısa bir real addım atılmayıb, atılması da imkansız görünür. Çünki ərazinin mürəkkəbliyi, coğrafi problemlər, iqlimin təsiri daşınma ilə bağlı gələcəkdə ciddi problemlər ortaya çıxacaq. Daşınma xərclərinin həddən artıq yüksək olması bu ideyanı əslində utopik və perspektivsiz edir”-deyə politoloq vurğulayıb.
Oqtay Qasımov qeyd edib ki, İranla birlikdə Hindistan məhz sadəcə bu istiqamətdə Ermənistanı təşviq edən ölkə sırasındadır.
“Hindistanın imkanları o qədər çox deyil ki, Zəngəzur dəhlizinin açılmasına mane olsun. Bu layihənin həyata keçməsində, dəhlizin açılmasında maraqlı olan ölkələr arasında həm də Çin var. O cümlədən, Rusiya da bu dəhlizin açılmasında maraqlıdır. Xeyli sayda dövlətlər və güc mərkəzləri bu dəhlizin açılmasını istəyirlər. Hindistanın buna mane olmaq imkanları məhduddur”-deyə politoloq bildirib.