Azərbaycanda FETÖ-yə qarşı əməliyyat nəticəsində həbs edilən "Yurd” mərkəzinin direktoru və keçmiş “Qafqaz” Universitetinin müəllimi Ruslan Əliyevin apellyasiya şikayətinə baxılıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Ruslan Əliyevin apellyasiya şikayəti araşdırılıb.
İttihama görə, Ruslan Əliyev istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə ofset çap üsulu ilə hazırlanmış 25 ədəd 100 ABŞ dolları (ümumilikdə 2500 ABŞ dolları) məbləğində saxta pul əskinaslarını əldə edib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində təqsirləndirilən şəxsin Xırdalan şəhərində yerləşən evindən həmin pullar aşkar olunub.
Bundan başqa, onun avtomobilinə baxış zamanı 2 min dollar və terror şəbəkəsinin başçısı Fəthullah Gülənin “İnancın gölgesində - 2”, “Ölçü və ya yoldakı işıklar” kitablarının elektron versiyalarının olduğu elektron kitab aşkar edilib.
Daha sonra evində keçirilən axtarış zamanı Fəthullah Gülənin “Ölçü ve yoldakı işıklar”, “Yaratılış gerçeği ve evrim”, “X36”, “Asrın getirdiği tereddüdler 1”, “İnancın gölgesinde” və “Kırık testi: İmtihanlar kuşağı” adlı kitabları aşkar olunub.
İstintaq orqanı tərəfindən Ruslan Əliyevin barəsində Cinayət Məcəlləsinin 167-3.1 (dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) və 204.1-ci (satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) maddələri ilə ittiham elan edilib.
Ruslan Əliyev məhkəmədə özünü təqsirli bilməyib və ittihamları qəbul etməyib. O, ifadəsində göstərib ki, üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş 2.500 ABŞ dolları və kitablar ona məxsus deyil.
Məhkəmədə təqsirləndirilən şəxsin verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə açıqlanıb.
Ruslan Əliyev ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilib. İfadəsində göstərib ki, onun heç bir ruhi-əsəb xəstəliyi yoxdur: “Mən orta məktəbi Salyan şəhər 1 nömrəli tam orta məktəbdə Azərbaycan dilində oxumuşam. Azərbaycan Respublikası Pedaqoji Universitetində ali təhsil almışam. 2006-cı ildə ailə həyatı qurmuşam və həmin evlilikdən 3 azyaşlı övladım var. Özüm Bakı Mühəndislər Universitetində müəllim və Təhsildə İnnovativ Texnologiyalar Mərkəzində Monitorinq şöbəsinin müdiri vəzifəsində işləmişəm. Polis əməkdaşları tərəfindən tutulmamışdan təxminən 5-6 gün əvvəl bir nəfər Bakı şəhərində mənimlə görüşdü və saxta olduğu bildirilən 25 ədəd 100 ABŞ dolları verdi. Mən isə həmin şəxsin verdiyi saxta 100 ABŞ dollarlarına baxdım və onların əskinasların əsl dollardan fərqləndiyini gördüm. Həmin şəxs bildirdi ki, verdiyi saxta pul əskinasları əsl dollardan ciddi şəkildə fərqlənmir, buna görə də saxta dollarları rahat şəkildə yarı qiymətinə satmaq və qazanc əldə etmək olar. 25 ədəd 100 ABŞ dollarına oxşar saxta əskinasları satmaq və qazanc əldə etmək məqsədi ilə ondan götürdüm. Həmin saxta pul əskinaslarını götürdükdən sonra bir hissəsini üzərimdə və qalan hissəsini isə idarə etdiyim avtomobildə saxladım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, evində aparılan axtarış zamanı yaşadığı mənzilin qonaq otağında yerləşən kitab rəfinin içində olan ona məxsus müxtəlif adda dini kitablar, məqalələr, iki ədəd DVD disk və içərisində qeydlər aparılmış üç ədəd kitabça aşkar edilib. Onun ifadəsinə görə, aşkar edilmiş kitablar, kitab külliyyatları, məqalələr və iki ədəd DVD disk ona məxsus olub.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Ruslan Əliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Müdafiəçi müvəkkilinin barəsində olan hökmün ləğv edilməsini, onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.
Qeyd edək ki, Ruslan Əliyev Azərbaycanda FETÖ-yə qarşı keçirilən əməliyyat zamanı həbs edilən şəxslərdən biridir.
Onunla birlikdə həbs edilən FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olduğu iddia edilən Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh Gümrah Əbdürəhmanov və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyev olub.
Bundan başqa, iqtisadçı Qubad İbadoğlu həbs edilib. Onun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımov və eyni cinayətə görə onunla mühakimə edilən Anar Əliyev də mühakimə ediliblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fazil Qasımov 9 il, Anar Əliyev isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qubad İbadoğlu barəsində həbs qətimkan tədbiri dəyişdirilib və o, sərbəst buraxılıb.
Döyrüş Cəfərov və Gümrah Əbdürəhmanov barəsində olan cinayət işi ayrı-ayrı məhkəmələrə göndərilib. Barələrində ittiham edici hökm çıxarılıb.