Rusiyalı politoloq Stanislav Tarasov erməni mediasına müsahibəsində bildirib ki, “Zəngəzur dəhlizi artıq aktuallığını itirib, İran Azərbaycanın alternativ dəhliz tələbinə cavab verib”. Tarasovun mövqeyi Rusiyanın ictimai və analitik dairələrinin Zəngəzur dəhlizi məsələsində dəyişən strategiyasını əks etdirir.
Zəngəzur dəhlizi həqiqətənmi Azərbaycan üçün prioritet deyil?
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya tərəfindən səslənən bu tipli fikirlər bir az da "PR" təbliğat xarakteri daşıyır.
“Zəngəzur dəhlizinin açılması ilə bağlı hələ beş il öncə üçtərəfli bəyanatda konkret bənd yer almaqdadır və Azərbaycan bu məsələdə Ermənistanın mövqeyini gözləyir və Azərbaycanın tələbi bəllidir. Üçtərəfli bəyanatın doqquzuncu maddəsinə uyğun olaraq, Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən dəhlizdə asanlaşdırılmış maneəsiz keçid təmin edilməlidir. Ermənistan uzun müddət bu mövzunu manipulyasiya etməklə prosesi uzatdı. Azərbaycanda Ermənistanın bu davranışlarını əvvəlcədən hesabladı, İran tərəfi ilə Araz dəhlizi məsələsində razılığa gəldi və bu işlər ciddi şəkildə davam etməkdədir. Əlbəttə ki, Azərbaycan hər iki dəhlizin işləməsində maraqlıdır və əslində Araz dəhlizinin açılması həm də Ermənistan üçün bir mesajdır. Mesaj ondan ibarətdir ki, əgər Ermənistan süni şəkildə prosesi uzatsa, ardınca Araz dəhlizi işləyərsə və Azərbaycan da Zəngəzur dəhlizindən imtina edərsə, bu, Ermənistan üçün olduqca ciddi siyasi və iqtisadi itki anlamına gələcək və Ermənistan da bunu anlamalıdır”-deyən politoloq qeyd edib ki, böyük güclər də bu dəhlizin açılmasında maraqlıdır, Ermənistanın da nə zamansa bu istiqamətdə addım atması gözləniləndir.
Rusiyalı politoloq Stanislav Tarasovun şərhi ilə bağlı Oqtay Qasımov bildirib ki, Stanislav Tarasovun dediyi kimi “Zəngəzur dəhlizi aktuallığını itirib” fikri doğru deyil: “Bu, sadəcə olaraq Rusiya tərəfindən Ermənistana verilən mesajlardır ki, “əgər siz Zəngəzur dəhlizini açmasanız, Azərbaycan da bundan imtina edəcək və siz yenə də blokadada qalacaqsınız”. Bu, həm də Ermənistan tərəfindən gələcəkdə müvafiq addımlar atmağa və Rusiyadan daha möhkəm yapışmağa hesablanıb”.
“Üçtərəfli bəyanatın doqquzuncu maddəsində qeyd olunduğu kimi, dəhlizin Rusiyanın nəzarətinə verilməsini asanlaşdırmaq üçün məhz belə bir təbliğatın aparıldığını düşünürəm”-deyə politoloq qeyd edib.