
Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Nazim Məmmədovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 2025-ci il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri Xəzər rayonu, Şaban qəsəbəsi, “Elgün İnşaat” tikinti materialları satışı mağazasının arxa hissəsində qeydə alınıb.
Belə ki, Nazim Məmmədovla zərərçəkmiş Tağı Babayev (adı, soyadı şərtidir) arasında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranıb.
Mübahisənin səbəblərindən biri kimi Tağı Babayevin Nazim Məmmədovun qızı ilə münasibətləri göstərilib.
Məhkəmə materiallarına əsasən, tərəflər arasında sevgi münasibətləri olub və onlar rəsmi nikah bağlamadan ər-arvad münasibətində olublar. Nazim Məmmədov isə qızı ilə Tağı Babayev arasında yaranmış münasibətdən narazı olub.
Nazim Məmmədov hadisədən təxminən 2-3 həftə əvvəl Tağı Babayevin qızına elçi düşdüyünü eşidib. Bundan sonra ata onun ailəsini araşdırıb və qızına həmin ailənin onlara uyğun olmadığını bildirib.
Hadisədən bir müddət sonra Nazim Məmmədov qızının özünə qapandığını hiss edib. Ardınca anasının təkidi ilə Tağı Babayevin qızına telefonla şantaj etdiyini və onların arasında münasibət yarandığını öyrənib. Bu məlumatdan sonra təqsirləndirilən şəxs qızının münasibətinə son qoymaq üçün çıxış yolu axtarmağa başlayıb.
O, zərərçəkmişlə telefon əlaqəsi saxlayaraq baş vermiş məsələlərə son qoymaq istəyib. Telefonda olan şəkilləri almaq və onların silinməsini tələb edib. Lakin Tağı Babayev geri çəkilməyəcəyini bildirib.
Hadisə günü Nazim Məmmədovun ailəsində yas olduğu, onun isə səhhəti ilə bağlı evdə qaldığı bildirilib.
Nazim Məmmədovun məhkəmədə verdiyi ifadəyə görə, həmin vaxt onun telefonuna zəng gəlib və Tağı Babayevlə yenidən şəkillərin silinməsi barədə danışıb. Telefon danışığı zamanı Tağı ona təhqiramiz ifadələr işlədib. Bundan sonra əsəbiləşən Nazim Məmmədov evdən çıxaraq taksi ilə Tağının olduğu ünvana gedib.
Nazim Məmmədov məhkəmədə bildirib ki, həmin ünvanda Tağı Babayevin özü və yanında qohumu olub.
Onun sözlərinə görə, oğlu onun əsəbi şəkildə evdən çıxdığını görüb. Ailəsi onun səhhətindən narahat olduğundan oğlu xəbərsiz şəkildə atasının ardınca gedib.
Təqsirləndirilən şəxsin ifadəsinə əsasən, oğlu hadisə yerinə çatdıqdan sonra Tağı Babayevlə söhbətləri müəyyən qədər sakitləşib.
Nazim Məmmədov daha sonra avtomobilinə əyləşərək ərazidən getmək istəyib. Həmin vaxt Tağı avtomobilin şüşəsini aşağı endirməsini istəyib və ardınca ona ağır təhqirlər səsləndirib.
Məhkəmədə Nazim Məmmədov hadisənin əsas məqamlarından birini belə izah edib. O deyib ki, oğlu da yanında olduğundan Tağının təhqirlərinə əsəbiləşərək avtomobildən düşüb. Hmin anda ani olaraq avtomobilin baqaj hissəsində əlinə nəyinsə keçməsi barədə düşünüb və baqajı açıb. Baqajda isə ov tüfəngini görüb.
Nazim Məmmədov tüfəngin avtomobildə olmasını da izah edib.
O bildirib ki, ov tüfəngindən fermalarında vəhşi heyvanlardan qorunmaq məqsədilə istifadə ediblər. Həmin ərəfədə fermada oğurluq hadisəsi baş verdiyindən silahın başqasının əlinə keçməməsi üçün onu avtomobilin baqajına qoyublar.
Lakin daha sonra tüfəngi evdəki seyfə yerləşdirməyi unutduğunu deyib.
Nazim Məmmədov məhkəmədə qeyd edib ki, tüfəngi götürdükdən sonra əvvəlcə yuxarı istiqamətdə xəbərdarlıq atəşi açıb. Bundan sonra Tağı daha da aqressivləşib.
Təqsirləndirilən şəxs ikinci dəfə atəşi Tağı Babayevin ayağı istiqamətində açdığını və ardınca avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşdığını deyib.
O, atəş açmaqda məqsədinin Tağını öldürmək deyil, qorxutmaq və geri çəkilməsinə nail olmaq olduğunu bildirib.
Nazim Məmmədov həmçinin hadisəni əvvəlcədən planlaşdırmadığını əlavə edib.
Onun sözlərinə görə, görüşə ev paltarında gedib və üzərində hər hansı silah olmayıb.
İttihamda isə qeyd edilib ki, Nazim Məmmədov ov tüfəngini götürərək Tağı Babayevə tuşlayıb və atəş açıb. Nəticədə zərərçəkmiş şəxsin sağ bel-sağrı-bud nahiyəsində çoxsaylı və geniş sahələri əhatə edən odlu silah-qırma yaraları əmələ gəlib.
İttiham tərəfi hesab edib ki, Nazim Məmmədov atəş açmaqla Tağı Babayevi qəsdən həyatdan məhrum etməyə yönəlmiş hərəkətlər edib.
Nazim Məmmədov Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Məmmədov qəsdən adam öldürməyə cəhdə görə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən narazı qalan müdafiəçi apellyasiya şikayəti verib. Şikayətdə Nazim Məmmədovun əməlinin Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsi xahiş olunub. Müdafiə tərəfi bununla yanaşı, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında barışığın olduğunu bildirib.
























