“Türkiyəli müğənni Mabel Matizin atamın bəstələdiyi “İlk məhəbbətim” mahnısını oxumağından xəbərim var. Tiktokda da qarşıma çıxıb. Hətta Türkiyədən müəllif hüquqlarından da mənimlə əlaqə saxlayıb yardım istədilər. Onlar da bildirdilər ki, mahnı uzun illərdir oxunur, amma anonim yazılır, biz istəyirik ki, müəllifin adı çəkilsin. Bir neçə türk müğənnisi “İlk məhəbbətim” mahnısına müraciət edib. Oxumaqları çox gözəldir. Qoy oxusunlar. Amma mütləq müəllifin adı deyilməlidir. Əgər bir mahnının müəllifi varsa, o niyə anonim yazılmalıdır?. Bu bir az oğurluq kimi görünür”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, görkəmli sənətkar Habil Əliyevin qızı Vəfa Əliyeva deyib.
O daha sonra atasının mahnılarının Türkiyədə müəllif hüquqlarından qeydiyyatdan keçiriləcəyini bildirib:
“Biz hazırda bu istiqamətdə çalışırıq. Notariusda bir-iki sənəd var ki, onları götürməliyik. Həmin şəxslər hazırda Türkiyədə atamın mahnılarının müəlliflik hüququnun bərpa edilməsi ilə məşğuldurlar. İnanıram ki, nəticəsi yaxşı olacaq. Bilirsiniz ki, mahnılar ifa olunduqca sənətkara, əgər özü rəhmətə gedibsə varislərə qonorar da ödənilir. Bizi qonorardan çox mahnıların gələcək taleyi və müəllif hüququ maraqlandırır”.
Qeyd edək ki, Mabel Matiz “Harbiye”-də “İlk məhəbbətim” mahnısını ifa edib. Onun bu ifası birmənalı qarşılanmayıb və tamaşaçılar tərəfindən bəyənilməyib. Bir çox izləyici mahnını düzgün tonda ifa etmədiyinə görə onu sərt tənqid edib.
























