
Ortada strateji bir sual var:
Hazırki təhsil sistemi Azərbaycanın gələcəyinə hazırlaşdırılır, yoxsa Azərbaycan gələcəyini Emin Əmrullayevin rəhbərlik etdiyi bu təhsil sisteminə uyğunlaşdırmağa məhkum olmuşuq?
II Qarabağ Müharibəsindən sonra Azərbaycanın dünyaya, dünyanın da Azərbaycana münasibətində əhəmiyyətli dəyişikliklər baş verib. Azərbaycan artıq başqa mərhələdədir. Qarşıda yeni reallıqlar, yeni çağırışlar və yeni strateji hədəflər var. Belə bir mərhələdə dövlətin strateji hədəflərinə ağır zərbə vuran şəxslərin hələ də qərarverici postlarda qalması nə dərəcədə məqsədəuyğundur? Daha dəqiq ifadə etsək, Emin Əmrullayevin nazir olaraq qalması bu dövlətin strateji hədəflərə cavab verirmi?
Köhnə qvardiyanın üsulları qalır, sadəcə dil, geyim və terminologiya dəyişib
Müşahidələr göstərir ki, bu gün dövlətlər ilk növbədə gələcək uğrunda mübarizə aparır, təhsil sistemlərini yenidən qururlar. Azərbaycanda isə təhsil sistemində yüksək vəzifələr tutan şəxslərin əsas hədəfi dövlətin gələcəyini qurmaqdan daha çox, dövlət büdcəsindən mümkün qədər pay götürməkdir. Köhnə komandanın zamanında kustar üsullarla həyata keçirilən talama əməlləri bu gün tender, müqavilə və satınalma adı altında daha müasir, daha səliqəli və daha qanuni görüntüyə salınır.
Üzdə müasirlik, innovasiya, beynəlxalq təcrübə və ingilis dili var, arxasında isə köhnə düşüncə, köhnə maraqlar və dövlət vəsaitinə münasibətdə köhnə yanaşma dayanır. Köhnə qvardiyanın üsulları qalır, sadəcə onları həyata keçirənlərin dili, geyimi və terminologiyası dəyişib.
Bu yeni simalar köhnələrindən daha təhlükəlidirlər. Çünki köhnələr nə etdiklərini gizlətməyə belə ehtiyac duymurdular, bunlar isə bütün etdiklərini müasir idarəçilik, innovasiya və beynəlxalq təcrübə pərdəsi altında həyata keçirə bilirlər.
Emin Əmrullayevin təmsil olunduğu çevrənin Azərbaycan təhsil sisteminə nəzarət etməyə başlamasından artıq 13 il keçir. Bu, az müddət deyil. Bir nəslin formalaşması üçün kifayət qədər uzun zamandır. Deməli, bu müddət ərzində bütöv bir təhsil siyasəti həyata keçirilib, bir nəsil həmin sistemin içindən keçib. İndi isə növbəti nəslin yetişməsindən artıq 2 il ötür.
Emin Əmrullayevin 5 ili: nəticə haradadır?
Emin Əmrullayev beş ildən artıqdır ki, təhsil naziridir. Beş ildən sonra isə cəmiyyət hələ də eyni problemləri eşidir, eyni narazılıqları yaşayır. Daha təhlükəlisi isə odur ki, nazir təhsildəki problemlərin məsuliyyətini getdikcə daha çox ailələrin, valideynlərin və şagirdlərin üzərinə qoyur. Bəs nazirliyin məsuliyyəti haradadır, sənin heç bir məsuliyyətin yoxdurmu?
Nazir beş ildən artıqdır bu vəzifədədir və dünən özü rəhbərlik etdiyi sistemin nəticəsini faktiki olaraq etiraf edib. Üstəlik, onun öz açıqlamasına görə, problem 2030-cu illərə qədər davam edə bilər.
Ümumiyyətlə, belə bir düşüncə sahibi o postda nə gəzir? Tam məsuliyyətlə deyirəm, təhsil sisteminə heç bir aidiyyəti olmayan FHN rəhbəri Kəmaləddin Heydərov Təhsil naziri qoyulsa, uzağı 1 ildən sonra nəinki hər bir şagird, hətta hər bir valideyn hansısa çox müsbət dəyişiklikləri öz evində hiss edəcək?
Siz hansı statistikaya, hansı elmi araşdırmaya, hansı metodologiyaya əsaslanaraq deyirsiniz ki, üç nəfərdən ikisi oxuduğunu anlamır? Bəlkə də bu rəqəm doğrudur. Amma əgər belədirsə, bu statistika ilk növbədə təhsil sisteminin özünə verilən qiymət və sənin bərbad nazir faliyyətinin ifşasıdır. Özün-özünü ifşa edirsən.
Şagirdin oxuduğunu anlamamasına görə yalnız ailəni günahlandırmaq ən asan yoldur. Təhsil sisteminin rəhbəri isə asan yolu seçmək üçün deyil, problemin kökünü tapmaq və həll etmək üçün həmin postda oturur. Əgər üç nəfərdən ikisi oxuduğunu anlamırsa, beş ildən artıqdır nazir olan şəxsin ilk növbədə özünə verməli olduğu sual budur: mən nə etmişəm ki, bu nəticə dəyişməyib?
Emin Əmrullayev əziyyət çəkib bu halların da statistikasını açıqlasın:
Məsələn, ötən bir ildə neçə xarici diplom tanınıb və bu prosesdən ümumilikdə nə qədər vəsait əldə olunub? Bir diplomun tanınması üçün vətəndaşdan 15-20 min manat pul tələb olunur. Bu prosesdən qədər vəsait qazanıb və diplomu tanınan şəxslərin neçəsi oxuduğunu anlayır?
Bundan başqa, məktəb direktorlarının təyinatı ilə bağlı statistika açıqlasın. Desin görək, ötən il neçə direktor təyin olunub? Neçəsi müsabiqə ilə, neçəsi pulla? Direktor vəzifəsinin qiyməti nə qədərdir?
Cəmiyyətə statistika oxumaq asandır. Təhsil nazirinin əsas vəzifəsi uğursuz nəticəni ailənin üzərinə atmaq deyil. Əsas vəzifə həmin nəticəni yaradan sistemin məsuliyyətini daşımaqdır. Belə bir məsuliyyəti danışa bilmirsənsə, get, başqa işlərlə məşğul ol. Təhsil sahəsi bacarıqsız adamlardan zorla bacarıqlı kadr düzəltmək üçün laboratoriya deyil.
Müəllif: Samir Feyruzov - "DİA-AZ"
























