
İspaniyanın paytaxtı Madriddə fəaliyyət göstərən oyuncaq mağazalarından birində Azərbaycan və Ermənistan bayraqları ilə təchiz edilmiş oyuncaq əsgərlərdən ibarət oyun dəstinin satışa çıxarılması diqqət çəkib. İki ölkə arasında sülh prosesinin davam etdiyi vaxtda belə bir oyuncağın Avropada satışa çıxarılması birmənalı qarşılanmayıb.
Burada müharibənin uşaqlar üçün oyun predmetinə çevrilməsi ilə bağlı hansı məqamlar diqqət çəkir? Məhsulun satışının dayandırılması və ya məsələ ilə bağlı hüquqi addımların atılması mümkündürmü?
Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov deyib ki, sözügedən oyuncaqların satışdan çıxarılması mümkündür:
“Əgər burada Azərbaycan və Ermənistana yönəlik əsgər fiqurları, hərbi xarakterli oyuncaqlar varsa, əlbəttə, dövlətlər bununla bağlı həmin şirkətə müraciət edə və bu cür məhsulların insanlar arasında aqressiyanın yaranmasına səbəb ola biləcəyini deyə bilərlər.
Hesab edirəm ki, hər iki dövlət bu cür həssas məsələlərə müəyyən dərəcədə diqqətlə yanaşmalıdır. Hətta şirkət tərəfindən müvafiq addımlar atılmadığı halda, beynəlxalq hüququn müddəalarını əsas gətirməklə həmin şirkətin məhkəməyə verilməsi məsələsi də nəzərdən keçirilə bilər”.
Məsələnin psixoloji tərəfini şərh edən psixoloq Nizami Orucov deyib ki, bir oyuncağın “yeni müharibə mesajı” olduğunu söyləmək düzgün olmaz:
“Dünyada müxtəlif ölkələrin bayraqları ilə hazırlanmış hərbi və tarixi mövzulu oyuncaq fiqurlarına rast gəlinir və bu, bəzən sadəcə məhsulun konsepsiyasının bir hissəsi olur”.
Psixoloq bildirib ki, burada əsas məsələ konkret olaraq həmin oyuncağın hansı məqsədlə hazırlandığını və hansı kontekstdə təqdim edildiyini bilməkdir:
“Sadəcə, Azərbaycan və Ermənistan bayraqlarının eyni məhsulda yer almasına əsaslanaraq bunun siyasi mesaj olduğunu demək üçün kifayət qədər əsasımız yoxdur. Ümumiyyətlə, siyasi proseslər çoxsaylı amillərin təsiri ilə formalaşır və onları bir oyuncaq, reklam və ya məhsul üzərindən qiymətləndirmək doğru olmaz. Belə bir nəticəyə gəlmək üçün daha geniş kontekst, istehsalçının açıqlaması, məhsulun təqdimat məqsədi və digər məlumatlar nəzərə alınmalıdır. Psixoloji tərəfdən isə belə məhsulların cəmiyyətdə müəyyən emosional reaksiyalar yaratması başadüşüləndir. Xüsusilə müharibə və münaqişə təcrübəsi olan cəmiyyətlərdə bu mövzulara həssaslıq daha yüksək ola bilər. İnsan gördüyü simvolları öz yaşadığı sosial və tarixi kontekstlə əlaqələndirə bilər. Amma bu, oyuncağın istehsalçısının mütləq həmin mesajı vermək istədiyini göstərmir”.
























