Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Akif Əjdərovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mehdi Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama əsasən, Akif Əjdərov bu il saat 12:20 radələrində sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi “VAZ-21214” markalı avtomobillə Şahbuz şəhəri, Heydər Əliyev prospektində Kükü kəndi istiqamətində hərəkətdə olub. O, həmin ərazidə avtomobillər üçün maksimal hərəkət sürətinin 50 km/saat müəyyən edilməsinə baxmayaraq, nəqliyyat vasitəsini təxminən 80 km/saat sürətlə idarə edib.
Bununla kifayətlənməyən sürücü yol hərəkəti qaydalarının tələblərini pozaraq yoldakı üfüqi nişanlanma xətlərini kəsib və avtomobillərin əks istiqamətdə hərəkət etdiyi zolağa keçib. Həmin vaxt əks istiqamətli zolaqda hərəkətdə olan piyada Samit Əliyevi maşınla vurub. Qəza nəticəsində çoxsaylı ağır xəsarətlər alan piyada həyatını itirib.
Şahbuz Rayon Məhkəməsinin hökmü ilə Akif Əjdərov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib. Ona 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmə əsasən, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə, həmçinin hökmdə bu cəza növü üçün müəyyən edilmiş əlavə müddətə şamil olunub. Təqsirləndirilən şəxsin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb. Hökmdən Akif Əjdərov və onun müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiə tərəfi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsindən birinci instansiya məhkəməsinin hökmünün əsas cəza hissəsində dəyişdirilməsini istəyib. Şikayətdə təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməsi və onun barəsində sınaq müddətinin müəyyənləşdirilməsi xahiş olunub.










