Avqustun 1-dən etibarən Azərbaycanda fiziki şəxslərin bank kartlarına tətbiq edilən yeni limitlər - bir kart üzrə gün ərzində cəmi 5 dəfə mədaxil və 5 dəfə məxaric imkanı ilk günlərdən narazılıq yaradır. Mərkəzi Bankın və Vergilər Xidmətinin kölgə iqtisadiyyatına, vergidən yayınmaya və maliyyə dələduzluğuna qarşı yönəldiyini bəyan etdiyi bu addım, təəssüf ki, cəmiyyətin həssas təbəqələrini və adi vətəndaşları gözlənilməz çətinliklərlə üz-üzə qoyub.
Məsələnin sosial uyğunsuzluğunu fərqinə varan ilk nümunələrdən birini tanınmış naşir Şahbaz Xuduoğlu açqılayıb.
O, sosial şəbəkə hesabında tanınmış yazıçı Əlisa Nicata yardım toplamaq istəyərkən üzləşdiyi problemi belə ifadə edib: "Əlisa Nicatla bağlı paylaşımımızdan sonra çoxsaylı insanlar bizə yazıb ona yardım etmək istədiklərini bildirdilər. Buna görə də onun kart nömrəsini paylaşdım. Amma məlum oldu ki, avqustun 1-dən bank kartlarına mədaxillə bağlı yeni qayda tətbiq olunur, bir karta gün ərzində cəmi 5 dəfə pul köçürmək mümkündür. Beş nəfər yardım etdikdən sonra digərləri artıq pul göndərə bilmirlər. Başa düşürəm, bu qaydanın müəyyən səbəbləri var. Dələduzluğun, vergidən yayınmanın, qanunsuz pul dövriyyəsinin qarşısını almaq istəyirlər. Amma belə hallar necə olacaq? Əlisa Nicata yüzlərlə insan yardım etmək istəyir. Kimsə 5 manat, kimsə 10 manat, kimsə 50 manat göndərmək istəyir. Məqsəd kommersiya deyil, ictimai yardımdır. Belə vəziyyətlər üçün bankların ayrıca bir mexanizmi olmalıdır..."
Ş.Xuduoğlunun toxunduğu bu məqam sadəcə xüsusi bir hal deyil, hazırda minlərlə vətəndaşın gündəlik həyatda qarşılaşdığı böyük bir sistem probleminin aysberq görünən tərəfidir.
Mübağiləsiz qeyd edə bilərik ki, Mərkəzi Bankın inzibati məhdudiyyəti faktiki olaraq cəmiyyətin bir çox rəqəmsal vərdişləri ilə uzlaşmır.
İlk növbədə Şahbaz Xuduoğlunu da açıqladığı kimi ictimai xeyriyyəçilik iflic olub Xəstə uşaqların müalicəsi, ağır əməliyyat xərcləri, ehtiyac içində olan ziyalılar və ya tələbələr üçün toplanan mikro-yardımlar (3, 5, 10 manat) dayanıb. Xeyriyyə fondu statusu olmayan, şəxsi kartı ilə yardım toplayan yüzlərlə insan artıq günün ilk saatlarında 5 nəfərdən sonra məhdudiyyətlə üzləşir.
Məlum olduğu kimi, qərarın əsas hədəfi VÖEN-siz fəaliyyət göstərən, kartdan-karta pul qazanan şəxslər idi. Lakin gözlənilənin əksinə, bu kateqoriya sahibkarlar biznes kartı açmaq yerinə yenidən nağd ödənişə qaytdılar. Taksilərdə, xırda ticarət obyektlərində, repetitorlarda "kart yoxdur, yalnız nağd" tələbi kəskin artıb. Bu isə dövlətin illərdir formalaşdırdığı "nağdsız iqtisadiyyat" strategiyasına ciddi zərbə vurur.
Vətəndaşların üzləşdiyi ilk baxışdan kiçik görünən digər çətinliklərə də nəzər salaq. Məsələn, restoranda hesabı bir nəfərin kartı ilə ödəyib sonra hərənin öz payını həmin karta göndərməsi artıq texniki olaraq mümkünsüzdür, çünki 3-4 köçürmədən sonra limit bitir. Valideynin gün ərzində müxtəlif vaxtlarda övladlarına xırda xərclik göndərməsi, yaxud yaxın qohumlar arası gündəlik xırda dəstək köçürmələri də sıradan çıxır.
O da məlumdur ki, nəzarətsiz köçürmələrdən istifadə edən maliyyə piramidaları və ya qumar şəbəkələri yüzlərlə "drop-kart" (başqasının adına açılmış kart) istifadə edərək bu limitlərin yanından keçməyi bacarır. Zərər çəkən isə öz adına tək kartı olan və gündəlik 6-cı köçürməni edə bilməyən sadə vətəndaş olur.
Təssüf ki, geridə qalan 20 günə yaxın müddətdə vəziyyət bundan ibarətdir:
-İctimai təşəbbüslər və xeyriyyəçilik sahəsində əvvəllər kütləvi xırda iyanələr toplanırdısa, indi kampaniyalar dayanıb və fərdi yardım mexanizmi tamamilə bloklanıb;
-Kiçik ticarət və xidmət sektorunda əvvəllər kartdan-karta sürətli ödəniş alınırdısa, indiki reallıqda sahibkarlar ya məcburi VÖEN və POS-terminala keçməli, ya da tam nağd pul tələb etməlidirlər;
-Bank ekosistemində isə əhalinin rəqəmsal tətbiqlərdən təkrar-təkrar istifadə intensivliyi düşüb, əksinə, nağdlaşdırma tələbatı yenidən artmağa başlayıb.
Çıxış yolu nədir?
Dövlətin vergi yayınmalarına və çirkli pulların yuyulmasına qarşı mübarizəsi anlaşılandır. Lakin bu mübarizə “qızdırmaya görə xəstəni cəzalandırmaq” prinsipi ilə aparılmamalıdır.
Problemin həlli üçün tənzimləyici qurumlar bir neçə mühüm addım ata bilər:
-İctimai və xeyriyyə hesabları üçün xüsusi güzəşt tətbiq oluna bilər. Şahbaz Xuduoğlunun da haqlı olaraq qeyd etdiyi kimi, banklarda fiziki şəxslər üçün "İyanə və xeyriyyə" təyinatlı xüsusi fərdi sub-hesablar və ya QR-kod mexanizmi yaradılmalıdır. Bu hesablar mənfəət məqsədi daşımadığı üçün limitlərdən azad edilməlidir.
-Kəmiyyət limiti məbləğ limiti ilə əvəzlənməsi mümkündür. Çünki gündəlik "5 dəfə" sayı çox kiçik göstəricidir. Bunun əvəzinə gündəlik məbləğ həddi (məsələn, günə maksimum 500 manat) qoyulsa, həm 5 manatlıq xeyriyyə köçürmələrinə maneə yaradılmaz, həm də iri qanunsuz dövriyyələrin qarşısı alınar.
Bundan başqa kartdan-karta köçürmələrə limit qoyulursa, banklar IBAN və ya mobil nömrə ilə edilən fiziki şəxslərarası köçürmələrə daha geniş yaşıl işıq yandırmalı və bu prosesi vətəndaş üçün maksimal dərəcədə sadələşdirməlidir.
Sonda qeyd edək ki, təxminən 3 həftə ərzində qüvvədə olan bu qadağa rəqəmsal iqtisadiyyatın inkişafına xidmət etmir. Bununla yanaşı tətbiq edilən qayda yazıçımızın müalicəsinə 5 manat köçürmək istəyən vətəndaşın qarşısına çəpər çəkirsə, deməli, o qaydada ciddi düzəlişlərə və insani süzgəclərə ehtiyac var. Mərkəzi Bank və kommersiya bankları bu reallığı nəzərə almalı, yeni qaydaları cəmiyyətin sosial ehtiyaclarına uyğunlaşdırmalıdırlar.
“AzPolitika.info”











