
Belə bir orientalist deyim var: ərəblərin mehriban gözləri, qəzəbli ağızları var. Ərəblərin ağızlarını qəzəbli göstərən ərəb dilinin fonetikasıdır. "Müvəffəqiyyət" sözünü demək üçün ağıza zülm etməlisən. "Qəzəbli ağız" da bu fonetik zülmün nəticəsidir.
Dilimiz Ural-Altay dil ailəsinin Altay qrupuna daxildir. Bu qrupa yapon və Koreya dilləri də daxildir. Bizim dil bu qrupda türk dilləri başlığı altında təmsil olunur. Bəzi insanlar cəmi 60-70 min söz ehtiyatı (çoxu da ərəb və fars dilindən alınma) olan Azərbaycan dili dediyimiz dilə türk dillərindən, xüsusilə Anadolu türkcəsindən gələn sözləri xəkəndazla qarşılayırlar.
Sanki, yad bir dilin müdaxiləsiymiş kimi. Halbuki qohum dillər eyni qanunauyğunluqla söz yaratdıqları üçün onların bir-biriylə söz mübadiləsi "alınma söz" kimi başa düşülməməlidir.
"Mütəxəssis", "müəllim", "müvəffəqiyyət" kimi ərəb sözlərini ağzımızı əyə-əyə deməkdənsə, tamamilə dilimizin ahəng qanunlarına uyğun olan "uzman", "öyrətmən", "uğur (başarı)" və s. kimi Anadolu türkcəsində işlənən sözləri evə buraxmaq olar.
Həm ağzımızın əyriliyi düzələr, həm "mütəxəssis", "müvəffəqiyyət" kimi sözləri yazmağa və deməyə xərclədiyimiz ömür özümüzə qalar.
Aqşin YENİSEY - "DİA-AZ"









