Dənizdə batma halları ilə bağlı hər gün məlumatlar paylaşılır. Bəzən eyni gündə bir neçə belə fakt qeydə alınır. Dənizmi günahkadır, insanlarmı? Sosial mediaya baxsaq, vətəndaşların məsuliyətsizliyini də görürük, eyni zamanda dənizin üzmək üçün münasiblikdən uzaqlaşdığını da.
Dənizin qumunun ekskavatorlarla daşındığını əks etdirən görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Zirə, Pirşağı, Nardaran istiqamətlərində dəniz sahilində ağır texnikanın çalışdığı, dənizdən çıxarılan qumun “Kamaz”lara yüklənərək daşındığı görünür. Bir çoxları bu fikirdədir ki, dənizin qumu daşındığı üçün dibdə çuxurlar əmələ gəlir, insanlar hətta qurşağa qədər suya girdikdə də qəfil çuxura düşür və bu, batma təhlükəsini artırır. Dənizin qumu niyə daşınır ki?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, dənizdən qumun daşınması relyefin pozulmasına gətirib çıxarır ki, bu, batma təhlükəsini artıran səbəblərdən biri ola bilər:
- Mən Şimal Buzlu Okeanı istisna olmaqla, dünyanın bütün digər okeanlarında, dənizlərindən üzmüş adamam. Yaxşı üzgüçüyəm, dəniz həvəskarıyam. 1997-ci ilin 9 martında, soyuq havada bulvarda özünü dənizə atan tələbə qız Sevinci xilas etmişəm. Hətta şahidi olmuşam ki, ən yaxşı üzgüçülər dənizdə batır. Bu, insanın özgüvənindən doğur. Üzməyi bacarmayanlar dənizin dərinliyinə baş vurmur, uzaq məsafələrə üzmürlər. Ümumiyyətlə, dəniz, okean çox müəmmalıdır. Onlarla çox ehtiyatlı davranılmalıdır. Builki boğulma halları ilə bağlı məlumatları izləyirəm. Mənə çox təəccüblü gəlir. Məsələn, Salyandan cavan bir oğlan dənizdə boğulub. Salyanlıların demək olar hamısı üzməyi bacarır. Necə olur ki üzməyi bacaran cavan bir oğlan dənizdə boğulur?! İstisna etmirəm ki, Xəzərə toxunan insanların əməllərinin nəticəsində bunlar baş verir. Üzməyi bilən adam çökəyə düşəndə boğulmamalıdır. Hətta boğualanı xilas edən dəstənin boğulması da bir faciədir. Çökəyə düşəni xilas etməyə çalışan adamın özü boğula bilər.
Qumların daşınmasına gəlincə, bunu müxtəlif məqsədlərlə edə bilərlər. Tikinti məqsədi ilə, yenu çimərlik salınması məqsədilə. Belə rəvayət edilir ki, eramızdn əvvəl Misir hökmdarı Kleopatra Misir sahillərindən Kiçik Asiyaya – indiki Türkiyə ərazisinə qum daşıtdırıb, çimərlik salınması üçün. Əlbəttə, qumun dənizin dibinə, relyefinə təsir edir. Çökəkliklər, yarğanlar əmələ gəlir. Dənizin eko-sistemi də pozulur. Dalğaların hərəkəti də dəyişir. Mütəxəssislər araşdırmalıdır, Xəzərdə yeraltı sular hansı vəziyyətdədir, dənizin dibi nə vəziyyətdədir, insanlar üçün hansı təhlükələr var.









