Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Cavid Kərimovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama əsasən, hadisə 2025-ci ildə saat 23:00 radələrində Bakı şəhərinin Xəzər rayonu, Şaban qəsəbəsində yerləşən “Elgün İnşaat” tikinti materialları satışı mağazasının arxa hissəsində olub.
Həmin vaxt Cavid Kərimovun əvvəllər sevgi münasibətində olduğu zərərçəkmiş Fəridə Nuriyeva (adı, soyadı şərtidir) aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranıb.
Məlumata görə, tərəflər rəsmi nikah bağlamadan ər-arvad münasibətində olublar.
Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onunla üzr istəmək barədə söhbət aparmaq əvəzinə kobud danışmasına görə qadından qisas almaq qərarına gəlib.
Bundan sonra Cavid Kərimov qəsdən öldürmək niyyəti ilə avtomobilinin baqaj hissəsində “palaz”a bükülü vəziyyətdə saxladığı ov tüfəngini götürüb. Təqsirləndirilən şəxs tüfəngi Fəridənin üzərinə tuşlayaraq atəş açıb.
Nəticədə zərərçəkmiş şəxsin sağ bel-sağrıbud nahiyəsinin çoxsaylı geniş sahələrini əhatə edən odlu silah-qırma yaraları əmələ gəlib. Ekspertiza həmin xəsarətləri sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, hissiyyat və hərəkətin pozulması ilə müşayiət edilən sağlamlığa az ağır zərərvurmaya aid edib.
Cavid Kərimov bu hərəkətlərlə qadını qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrumetməyə cəhd edib.
Təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə (qəsdən adam öldürməyə cəhd) kimi qiymətləndirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
















