Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta ehtiyatlarının diversifikasiya strategiyası çərçivəsində 2021-ci ilin mart ayında Beynəlxalq Hesablaşmalar Bankı (BHB) tərəfindən yaradılmış, ABŞ dollarında denominasiya olunmuş Yaşıl İstiqraz Fonduna investisiya edib.
"Report" xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımovun "Central Banking" onlayn jurnalında dərc olunan məqaləsində qeyd edilib.
O bildirib ki, Fond Yaşıl İstiqraz Prinsipləri və İqlim İstiqrazı Təşəbbüsü tərəfindən müəyyən edilmiş İqlim İstiqraz Standartı kimi tanınmış meyarlarla müəyyən olunan ciddi ekoloji standartlara cavab verən yüksək keyfiyyətli "yaşıl istiqrazlar"dan ibarətdir: "Fond mərkəzi bankların "yaşıl aktiv"lərə investisiyalarını "yaşıl aktiv"lərdə birləşdirir, onları suveren "yaşıl istiqraz"lar, beynəlxalq maliyyə təşkilatları tərəfindən buraxılmış istiqrazlar və minimum "A-" və ya ekvivalent kredit reytinqli "yaşıl istiqraz"ları ehtiva edən diversifikasiya olunmuş portfelə investisiya edir.
AMB Yaşıl İstiqraz Fondunda iştirakı vasitəsilə iqliməyararlı və ekoloji cəhətdən dayanıqlı layihələrin maliyyələşdirilməsinə töhfə verir, qlobal səviyyədə daha "yaşıl" və daha dayanıqlı iqtisadiyyata keçidi dəstəkləyir".
T.Kazımovun sözlərinə görə, bununla yanaşı, AMB aparıcı mərkəzi bankların təcrübələrindən faydalanaraq "yaşıl pul" siyasəti alətlərinin tətbiqi imkanlarını fəal şəkildə araşdırmaqdadır: "Bu alətlərin tam inkişafı üçün mövcud şərait hələ optimal olmasa da, AMB makroiqtisadi mühitdə dəyişikliklərə müvafiq olaraq zəruri addımları atmağa hazırdır".









