Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla telefon danışığı aparıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, liderlər Ukraynadakı vəziyyət, o cümlədən ABŞ-ın nizamlama təklifləri kontekstində fikir mübadiləsi aparıblar.
Putin Rusiyanın Ukrayna böhranının siyasi və diplomatik yolla həllində maraqlı olduğunu bir daha təsdiqləyib.
Rusiya lideri həmçinin qeyd edib ki, ABŞ-ın Ukrayna ilə bağlı hazırkı təklifləri nizamlama üçün əsas təşkil edə bilər.
Putin və Ərdoğan Ukrayna məsələsi ilə bağlı müxtəlif səviyyələrdə Rusiya-Türkiyə təmaslarını intensivləşdirmək barədə razılığa gəliblər.
Ərdoğan Putinlə G20 sammitinə səfəri və bir neçə iştirakçı ölkənin rəhbərləri ilə görüşləri ilə bağlı təəssüratlarını bölüşüb.
Putin və Ərdoğan müntəzəm təmasları davam etdirmək barədə razılığa gəliblər.









