ABŞ Senatında 27 senator — Ed Marki və Şeldon Uaythausın rəhbərliyi, həmçinin Senatın demokrat lideri Çak Şumerin dəstəyi ilə — ABŞ-nin dövlət katibi Marko Rubioya məktub ünvanlayaraq Azərbaycana qarşı sərt tələblər irəli sürüblər.
Musavat.com xəbər verir ki, senatorlar Rubiodan "Bakıda saxlanılan bütün erməni hərbi əsirlərin" və separatçı siyasi liderlərin “dərhal və qeyd-şərtsiz azad edilməsinə” nail olmağı tələb edirlər.
Məktubda həmçinin Azərbaycanın məhkəmə proseslərinə beynəlxalq müşahidəçilərin buraxılması və Azərbaycan rəsmilərinə qarşı “Qlobal Maqnitski Aktı” çərçivəsində sanksiyaların tətbiqi çağırışı yer alıb.
Senatorlar məktubda iddia edirlər ki, guya Azərbaycanda saxlanılan separatçı qrupların üzvləri “amansız və alçaldıcı rəftara məruz qalıb”, Bakıda keçirilən cinayət məhkəmələrində “qeyri-şəffaflıq və prosessual pozuntular” mövcuddur. Onlar həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin müəyyən dövrlərdə regiondan çıxarılmasını “erməni məhbusların təhlükəsizliyini riskə atan faktor” kimi təqdim etməyə çalışıblar.
Məktubda senatorlar iddia edirlər ki, son iki ildə “120 min erməninin Qarabağ bölgəsindən zorla çıxarıldığı” və bunun “etnik təmizləmə” kimi qiymətləndirildiyi bildirilir. Bu arqumenti əsas gətirən senatorlar ABŞ administrasiyasını “səssizlikdə günahlandırır” və Vaşinqtonun “regionda ədaləti təmin etmək üçün qəti mövqe nümayiş etdirməli olduğunu” qeyd edirlər.
Senatorların Marko Rubiodan tələb etdiyi addımlar üç əsas istiqamətdə toplanır:
– bütün erməni hərbi əsirlərin və separatçı liderlərin azad olunması;
– Bakıdakı məhkəmə proseslərinə beynəlxalq müşahidəçilərin buraxılması;
– Azərbaycan rəsmilərinə qarşı “Qlobal Maqnitski Aktı” üzrə sanksiyaların tətbiqi.
Məktubun məzmunu göstərir ki, ABŞ Senatındakı müəyyən qruplar prosesə Ermənistan hökumətindən daha sərt mövqedən yanaşır, hətta rəsmi İrəvanın belə gündəmdən çıxardığı məsələləri yenidən gündəmə gətirməyə cəhd edirlər. Bu isə ABŞ siyasətində erməni lobbisinin təsirinin hələ də güclü olduğunu göstərir.
Musavat.com-un şərhi: Görünən budur ki, bəzi ABŞ senatorları “ermənidən çox ermənilik” edərək Ermənistanın artıq aktuallaşdırmadığı mövzuları onun adından qabartmağa cəhd edirlər. Bakıda mühakimə olunan erməni liderlər separatçılıq, terrorçuluq, qanunsuz silahlı dəstələrin idarə olunması və Azərbaycan vətəndaşlarına qarşı konkret cinayət əməli törətmək kimi maddələrlə ittiham olunurlar. Müqəssirlər beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyinə uyğun şəkildə, tam şəffaf prosedurlarla mühakimə olunub. Bu şəxslərin “siyasi məhbus” kimi təqdim edilməsi əsassız, qərəzli və Azərbaycana qarşı ədalətsiz yanaşmadır.
Bundan başqa, senatorların tələb etdiyi sanksiyalar həm beynəlxalq hüquqa ziddir, həm də ABŞ-nin Cənubi Qafqazdakı maraqlarını ciddi şəkildə zədələyə bilər. Azərbaycan–ABŞ münasibətlərinin son bir ildə ən yüksək səviyyədə normallaşdığı bir dövrdə belə addımlar Vaşinqtonun regiondakı nüfuzuna da xələl gətirir. Bu səbəbdən senatorların mövqeyi daha çox siyasi təxribat xarakteri daşıyır və ABŞ-nin strateji maraqları ilə uzlaşmır.
Nəticə etibarilə, senatorların çağırışları regionda sülh prosesinə xidmət etmir, əksinə, gərginliyi artırır və Azərbaycan-Amerika münasibətlərinə zərər vurur. Buna görə də bu təşəbbüs qəti şəkildə pislənməlidir.









