Donald Tramp və Vladimir Putin arasında yaşananlar əslində Moskvanın tarixinə uyğun taktiki gərginlik strategiyasıdır və bu prosesin sonunda iki lider arasında qırılma baş verməyəcək.
Axar.az xəbər verir ki, bunu Rusiyanın tanınmış tarixçisi, professor Yuri Pivovarov deyib.
Trampın sərt bəyanatlarının ABŞ daxilindəki hərbi-sənaye çevrəsinə yönəlik mesaj olduğunu bildirən tarixçi, əslində Trampın barış tərəfdarı olduğunu və Putinin də bunu bildiyini vurğulayıb:
“Rusiyanın Ukrayna ilə iyun ayında yeni danışıqlar təklifini irəli sürməsi təsadüfi deyil. Qərbdə Ukraynaya dəstək zəifləyib və Kreml bu vəziyyətdən istifadə edərək diplomatik üstünlük əldə etməyə çalışır. Rusiya üçün əsas şərtlər arasında Donbasın statusunun tanınması, Ukraynanın neytrallığı və NATO-nun genişlənməsinin dayandırılması yer alır”.
Rus ekspert Türkiyənin həm Rusiya, həm də Qərblə danışıqlar aparma bacarığını vurğulayaraq, ölkənin Qara dəniz təhlükəsizliyi, taxıl dəhlizi və enerji transferi kimi məsələlərdə açar rola sahib olduğunu deyib.
Trampın sərt ritorikasına baxmayaraq, əməldə praqmatik davranacağını düşünən Pivovarov, ABŞ-ın Rusiya ilə əməkdaşlığa möhtac olduğunu vurğulayıb. Çin və İran siyasətində Rusiyanın önəmli rol oynadığına diqqət çəkib.
Sonda Pivovarov bildirib ki, həm Putin, həm də Tramp Avropada yeni təhlükəsizlik memarlığının qurulduğunu anlayır.
O, NATO-ya üzv olmayan ölkələr üçün Rusiyanın iştirakı olmadan bu yeni sistemin mümkün olmayacağını qeyd edib.