Rəsmi Tiflis nəyə NAİL OLMAQ İSTƏYİR? - GƏLİŞMƏ
Tarix: 4-07-2023, 16:13 |
Çap et
Gürcüstan hökuməti keçmiş prezident Mixail Saakaşvilini ölümə sürükləməklə Rusiyaya yarınmış kimi görünür. Saakaşvilinin xəstə yatağında yayımlanan şəkilləri ancaq Kremli və onun tərəfdaşlarını sevindirə bilər. Gürcüstanın hakim partiyasının üzvləri bugünlərdə belə bir açıqlama da yayıblar ki, guya Yevgeniy Proqojin Moskvaya yürüşə başlasaydı, Gürcüstan müxalifəti tanklarla Abxaziyaya, Cənubi Osetiyaya və hətta Rusiyanın Soçi şəhərinə daxil olmağı planlaşdırırdı. Bundan absurd iddia ola bilməz. Birincisi, müxalifət olmayan “tankları” necə əldə edib? İkincisi, Gürcüstan ərazi bütövlüyünü bərpa edə bilməyib, torpaqları işğal altındadır, Soçiyə hücumu hansı potensialı ilə təşkil edəcəkdi? Bu açıqlama Kreml təbliğatçılarının işinə yarayıb.
Ukrayna prezidenti Volodimir Zelenski Tbilisiyə etirazını Gürcüstanın ölkəsindəki səfirini geri göndərməklə bildirib. Çünki Tbilisi Zelenskinin Ukraynada dövlət vəzifəsinə təyin etdiyi şəxsə əzab verir. Saakaşvilinin hazırki durumu Azərbaycan cəmiyyətinin bir hissəsini də narahat edir. Çünki Saakaşvili prezident olduğu illərdə Azərbaycanla strateji əməkdaşlığa əhəmiyyət verirdi. Əlbəttə biz Gürcüstanın daxili işlərinə qarışmırıq, ancaq Tbilisiyə Saakaşviliyə verilən əziyyətin Azərbaycanda da narahatlıq yaratdığı siqnalları göndərilməlidir.
Elxan Şahinoğlu - DİA.AZ