İŞİD rəhbərləri Qərbi Mosuldan qaçırlar
Tarix: 1-03-2017, 07:51 |
Çap et
İŞİD terror qruplaşmasının rəhbərləri İraq ordusunun Qərbi Mosula hücumu ilə əlaqədar qaçaraq qurtulurlar.
"Report"un məlumatına görə, bu barədə "CNN" telekanalı xəbər verib.
İraq federal polisinin komandanı, general-leytenant Raid Şakir Cövdət telekanala bildirib ki, silahlılar bu ərazidə bir-birlərindən təcrid olunmuş vəziyyətdə qalıblar. Onların rəhbərləri isə şəhərdən qaçır.
General-leytenant həmçinin vurğulayıb ki, terrorçular itkilərə məruz qalıblar, şok və məğlub vəziyyətindədirlər. "Bizim səhra kəşfiyyatımız müəyyən edib ki, terror qruplaşması dağılmaqdadır, onun rəhbərliyi isə Mosuldan qaçır", - deyə İraq komandanı əlavə edib.
Qeyd edək ki, İraq ordusu bir neçə gündür, Qərbi Mosulun terrorçulardan azad edilməsi əməliyyatına başlayıb.