Ölkədə mal-qara arasında yayılan dabaq xəstəliyi fonunda “Bravo” marketlər şəbəkəsinin “təhlükəsiz ət” adı ilə paylaşdığı reklam videosu sosial şəbəkələrdə narazılıq doğurub.
Bizimxeber.org sözügedən video “Bravo”nun rəsmi səhifəsində “Biz hər bir addımda ət məhsullarını yoxlayır, qoruyur və yalnız etibarlı məhsulları sizin süfrənizə gətiririk. Çünki BRAVO üçün bu sadəcə satış deyil – sizin sağlamlığınız bizim üçün ən böyük məsuliyyətdir. Keyfiyyətdə doğru seçim – BRAVO!” başlığı ilə yayımlanıb.
Lakin videonun altına gələn **onlarla şərh** əhalinin bu marketlərdə satılan ətlərin keyfiyyətinə inamının az olduğunu göstərib. Müştərilər ətin **qoxulu, dadsız, tez xarab olan və baha** olduğunu bildiriblər.
Bəzi şərhlərdə qeyd olunur ki, “Bravo” marketlərdə satılan ətlərin gec xarab olmaması üçün kimyəvi maddələrdən istifadə oluna bilər. Digərləri isə ətin aparatla kəsildiyi üçün halal olmadığına inanır.
Müştərilərdən biri yazır:
“Bir qadın ‘Bravo’da işləyirdi. Bir dəfə mənə dedi ki, nəbadə burdan ət alasınız. Çox pis vəziyyətdə gəlir.”
Digər şərhlərdə isə belə fikirlər səslənib:
“Bravo”dan alınan ətlərdən iy gəlir, birmənalı olaraq, özü də hamısından.”
“Ac qalaram, marketdə satılan əti qətiyyən almaram!”
“Ət kəsilən yerlərlə ‘Bravo’ arasında 3-5 manat fərq var, amma keyfiyyət sıfırdır.”
İstifadəçilər Braziliya və Monqolustan mənşəli ətlərin gətirilməsinə də etiraz ediblər. Onların sözlərinə görə, ən etibarlı yol “tanıdığın qəssabdan, göz önündə kəsilən ət almaqdır”.
Qeyd edək ki, “Bravo” marketlər şəbəkəsinin sahibi “Azərbaycan Supermarket” MMC-dir. Şirkətin baş icraçı direktoru Jaime Teixeiradır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



















