"Rusiya mediası artıq Azərbaycana qarşı hədyan danışmağı özünün bir ənənəsinə çevirib. Çox təəssüf ki, bu mövqe bəzi Rusiya siyasi elitası tərəfindən də dəstəklənir. Əks təqdirdə, Rusiya mediası özü-özbaşına bu cür addımlar atmağa cəsarət etməzdi".
Bu fikirləriMilli Məclisin deputatı Hikmət Babaoğlu Redaktor.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının Rusiyanın bəzi KİV-lərində Azərbaycana, Azərbaycan xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərə qarşı təhqir və təhdid xarakterli materialların yayılmasını kəskin pisləməsini şərh edərkən səsləndirib.
Müsahibimizin fikrincə, Azərbaycanda Azərbaycanı təhqir edən, hədəfə alan, azərbaycanlıları bölücülük və terrora təşviq etməyə çalışan, Azərbaycanın dəyərlərinə qarşı hücuma keçən bu üç jurnalist haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğunun cinayət işi açması nə qədər əhəmiyyətlidirsə, ictimai kontekstdə Mətbuat Şurasının yaydığı bəyanat da bir o qədər əhəmiyyətlidir:
"Çünki nəticə etibarilə prokurorun hüquqi addımları ictimai rəylə də dəstəklənmiş olur. Ona görə də mən düşünürəm ki, Rusiyada bu ənənəyə son qoyulmalıdır. Hər şeydən öncə, Rusiya-Azərbaycan münasibətləri 2022-ci il fevralın 22-də imzalanmış müttəfiqlik münasibətlərinə əsaslanır. Bunun özünəməxsus tarixi var və rəsmi, diplomatik kontekstdə bu gün Rusiya-Azərbaycan münasibətlərinə təxribatçı ictimai müdaxilənin əlavə edilməsi yolverilməzdir".
Siyasətçi qeyd etdi ki, Rusiyanın müvafiq qurumları da bənzər bəyanatla çıxış etməlidirlər:
"Əks təqdirdə, iki ölkə mediasının sərt qarşılıqlı mövqeləri nə müharibə aparan Rusiyanın lehinə olar, nə də Rusiya ilə münasibətləri yaxşı səviyyədə görmək istəyən Azərbaycanın lehinə. Məncə, Mətbuat Şurasının bu müraciəti Rusiyadakı bənzər qurumlar tərəfindən də dəstəklənməlidir və onlar da oxşar bəyanatlarla çıxış etməlidirlər. Belə olarsa, bu, hər iki ölkənin lehinə olar", - deyə millət vəkili yekunlaşdırıb.

















