
Azərbaycan-Ermənistan münasibətlərində son bir ildə baş verən dəyişikliklər Cənubi Qafqazın geosiyasi mənzərəsinə ciddi təsir göstərib. İsraildə yerləşən Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin (“BESA”)( Aşağda "zəruri arayış"a bax- S.L.) yeni təhlilində bildirilir ki, Bakı ilə İrəvan arasında sülh prosesinin irəliləməsi Rusiyanın regionda uzun illər ərzində formalaşdırdığı təsir mexanizmlərini zəiflədib.
“BESA”-nın 17 avqust tarixli “A Year of Peace (the Kremlin Never Wanted)” – “Kremlin istəmədiyi sülhün bir ili” adlı hesabatında qeyd olunur ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əldə olunan razılaşmadan bir il sonra Bakı və İrəvan arasında münasibətlərdə real dəyişikliklər baş verib. Mərkəz xüsusilə ticarətin bərpasını, yük daşımalarının genişlənməsini və iki ölkə arasında iqtisadi əlaqələrin inkişafını sülh prosesinin praktiki nəticələri kimi göstərir.
“BESA” hesab edir ki, Vaşinqton görüşünün əsas diplomatik təşəbbüskarı ABŞ olsa da, Azərbaycan tərəfinin Qarabağ münaqişəsini daha bir neçə onillik ərzində “dondurulmuş münaqişə” vəziyyətində saxlamaq əvəzinə prosesi yekunlaşdırmaq istiqamətində atdığı addımlar həlledici olub. Mərkəz Azərbaycanın Ermənistana yük daşımalarının bərpasını, Azərbaycan neftinin Ermənistan istiqamətində ixracını və taxıl daşımalarının başlamasını sülhün real iqtisadi dividendləri kimi təqdim edir.
Moderator.az bu haqda İsrailin “Begin-Sadat” Strateji Araşdırmalar Mərkəzinin (“BESA”) hesabatına və digər xarici mənbələrə istinadla yazır.
“BESA”-nın təhlilində əsas diqqət çəkən məqamlardan biri Qarabağ məsələsinin uzun illər ərzində Rusiyanın Cənubi Qafqazdakı təsir rıçaqlarından biri olması barədə qənaətdir. Mərkəzin müəllifləri hesab edir ki, 2020-ci il müharibəsindən sonra Qarabağda yerləşdirilən Rusiya sülhməramlı kontingenti Moskvanın regiondakı rolunun əsas elementlərindən birinə çevrilmişdi. 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etməsindən sonra isə həmin missiyanın əvvəlki əsaslandırması aradan qalxdı və Rusiya kontingenti 2024-cü ildə Qarabağdan tamamilə çıxarıldı.
Mərkəz bu prosesi Rusiyanın regiondakı mövqelərinin zəifləməsinin əsas göstəricilərindən biri kimi qiymətləndirir. “BESA”-nın yanaşmasına görə, Moskvanın vasitəçilik etdiyi və uzun müddət həll olunmamış qalan Qarabağ münaqişəsi Rusiyaya həm Bakı, həm də İrəvan üzərində siyasi təsir imkanları verirdi. Qarabağ məsələsinin Azərbaycanın nəzarətinə keçməsi isə Moskvanın bu mexanizmdən istifadə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.
Hesabatda son bir ildə Azərbaycan-Ermənistan sərhədində sabitliyin qorunduğu, tərəflərin münasibətlərin normallaşdırılması və sərhədlərin delimitasiyası istiqamətində irəlilədiyi vurğulanır. “BESA” həmçinin Ermənistan ərazisindən keçəcək “TRIPP” – “Trump Route for International Peace and Prosperity” layihəsi üzrə mühəndislik işlərinin başladığını, Azərbaycanın öz ərazisində müvafiq nəqliyyat infrastrukturunun isə böyük ölçüdə hazır olduğunu bildirir. Layihənin maliyyələşdirilməsinə yardım məqsədilə 200 milyon dollardan artıq kapitalla Trans-Xəzər Müəssisə Fondunun yaradıldığı da qeyd olunur.
“BESA”-nın fikrincə, bu proseslər Cənubi Qafqazda yeni iqtisadi və nəqliyyat arxitekturasının formalaşmasına gətirib çıxara bilər. Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması, Türkiyə ilə Ermənistan arasında kommunikasiyaların açılması və Orta Dəhlizin genişlənməsi regionun əvvəlki geosiyasi modelindən fərqli yeni bağlantılar yaradır.
ZƏRURİ ARAYIŞ:
"Begin-Sadat Center for Strategic Studies" ("BESA") İsraildə fəaliyyət göstərən strateji və təhlükəsizlik araşdırmaları mərkəzidir.
Adındakı “Begin-Sadat” iki keçmiş dövlət xadiminin soyadından gəlir:
Menaxem Begin (Menachem Begin) — İsrailin 6-cı baş naziri olub. 1977–1983-cü illərdə baş nazir vəzifəsində çalışıb. 1978-ci ildə Misirlə Kemp-Devid sazişinin əldə olunmasındakı roluna görə Misirin prezidenti Ənvər Sadatla birlikdə Nobel Sülh Mükafatına layiq görülüb.
Ənvər Sadat (Anwar Sadat) — Misirin 3-cü prezidenti olub. İsraillə sülh danışıqlarına başlaması ilə tanınır və 1978-ci ildə Nobel Sülh Mükafatını Beginlə bölüşüb.
Mərkəzin tam adı “Begin-Sadat Center for Strategic Studies”, azərbaycanca təxminən “Begin-Sadat Strateji Araşdırmalar Mərkəzi” kimi tərcümə olunur.
"BESA" "Bar-İlan" Universiteti ilə əlaqəli tədqiqat mərkəzidir. Əsas istiqamətləri Yaxın Şərq siyasəti, İsrailin milli təhlükəsizliyi, İran, terrorizm, regional münaqişələr və beynəlxalq münasibətlərdir...
Rusiya Cənubi Qafqazda tam zəifləyirmi?..
Bununla belə, “Rusiya Cənubi Qafqazda zəifləyir” tezisinə alternativ baxışlar da mövcuddur. Bir sıra Avropa analitikləri hesab edirlər ki, Moskvanın regiondakı əvvəlki dominant mövqeyi həqiqətən zəifləsə də, Rusiyanın təsir imkanlarının tamamilə aradan qalxdığını söyləmək hələ tezdir.
Məsələn, Berlinin Şərqi Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin (“ZOiS”) təhlilində vurğulanır ki, Ermənistanın beynəlxalq tərəfdaşlıqlarını şaxələndirməsi Rusiyanın ölkəyə marağının itməsi demək deyil. Mərkəzin qənaətinə görə, Baş nazir Nikol Paşinyan Qərblə əlaqələri gücləndirməklə yanaşı, Rusiya ilə iqtisadi və mədəni əməkdaşlığı da qorumağa çalışır. “ZOiS” həmçinin Rusiyanın NATO üzvü Türkiyənin qonşuluğunda yerləşən Ermənistanı öz təhlükəsizlik maraqları baxımından əhəmiyyətli bufer zonası hesab etməkdə davam edəcəyini bildirir...
Rusiyanın Ermənistan üzərində iqtisadi rıçaqlarının qalması da Moskvanın təsir imkanlarının tamamilə yox olmadığını göstərir. “Reuters” yazır ki, Rusiya 2025-ci ildə Ermənistanın xarici ticarətinin təxminən 35 faizini təşkil edib və ölkənin mühüm enerji təchizatçısı olaraq qalır. Ermənistanın Qərbə doğru siyasi istiqamət götürməsinə baxmayaraq, İrəvan Moskva ilə iqtisadi problemlərin həlli üçün dialoqu davam etdirir...
Bunun əyani nümunələrindən biri 2026-cı ilin iyulunda baş verib. “Reuters”-in məlumatına görə, Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi ticarət məhdudiyyətlərinin aradan qaldırılmasına yardım istəyib. Bu fakt Ermənistanın Moskva ilə siyasi fikir ayrılıqlarına baxmayaraq, Rusiya bazarından və iqtisadi əlaqələrdən hələ də tam imtina edə bilmədiyini göstərir...
Estoniyanın Beynəlxalq Müdafiə və Təhlükəsizlik Mərkəzi (“ICDS”) də Ermənistanın Rusiyadan uzaqlaşmasını tam qopma kimi qiymətləndirmir. Mərkəzin iyun ayında dərc etdiyi təhlilə görə, Paşinyan hökumətinin Qərbə inteqrasiya siyasəti Rusiyadan asılılığın azaldılmasına yönəlsə də, Moskva ilə mövcud iqtisadi, enerji, hərbi və digər əlaqələr hələ də mühüm olaraq qalır. “ICDS” bu siyasəti daha çox “şaxələndirmə”, yəni alternativ tərəfdaşların artırılması kimi xarakterizə edir.
Eyni yanaşmanı Böyük Britaniyanın “Foreign Policy Centre” araşdırma mərkəzi tərəfindən yayımlanan təhlildə də görmək mümkündür. Mərkəz qeyd edir ki, Ermənistanda əhalinin əhəmiyyətli hissəsi Rusiyadan tam uzaqlaşmanı deyil, xarici əlaqələrin şaxələndirilməsini dəstəkləyir. Təhlildə Rusiyanın Ermənistan üçün hələ də ən mühüm ticarət və enerji tərəfdaşı olduğu və Moskvanın öz təsirinin daha da azalmasının qarşısını almaq üçün əlində iqtisadi, siyasi, mədəni və dini təsir vasitələrinin qaldığı bildirilir.
“Reuters” başqa bir materialında da Ermənistanın Rusiyadan iqtisadi asılılığının miqyasını göstərərək bildirir ki, Moskvanın 2025-ci ildə Ermənistanın xarici ticarətindəki payı təxminən 35 faiz olduğu halda, Avropa İttifaqının payı təxminən 11 faiz təşkil edib. Agentlik eyni zamanda Rusiyanın enerji sahəsində Ermənistan üçün mühüm tərəfdaş olaraq qaldığını vurğulayır.
Bu mənzərə göstərir ki, Ermənistanın Qərbə yaxınlaşması avtomatik olaraq Rusiyanın Cənubi Qafqazdan çıxması demək deyil. Əksinə, Moskva iqtisadi əlaqələr, enerji, Rusiya bazarı, regional təhlükəsizlik və Ermənistan daxilində mövcud sosial-siyasi əlaqələr vasitəsilə müəyyən təsir imkanlarını qoruyur.
Bununla yanaşı, Rusiyanın əvvəlki mövqeyinin dəyişdiyini də inkar etmək çətindir. “ZOiS” hesab edir ki, Ermənistanın xarici siyasətini şaxələndirməsi Moskvanın əvvəlki təsir modelini çətinləşdirir, lakin Rusiyanın regiona marağının sona çatması anlamına gəlmir.
Beləliklə, "BESA"-nın “Rusiya Cənubi Qafqazda zəifləyir” qənaətini “Moskva regiondakı əvvəlki dominant mövqeyini itirir, lakin təsir imkanlarını tamamilə itirməyib” formasında ifadə etmək daha ehtiyatlı və balanslı yanaşma sayıla bilər.
Bir tərəfdən, Qarabağda Rusiya sülhməramlılarının çıxarılması, Azərbaycan-Ermənistan sülh prosesinin ABŞ-ın iştirakı ilə irəliləməsi və Ermənistanın Avropa İttifaqı və ABŞ-la əlaqələri genişləndirməsi Moskvanın əvvəlki vasitəçilik imkanlarını məhdudlaşdırıb. Digər tərəfdən, Azərbaycanla Ermənistan arasında hələ də yekun Sülh Sazişinin imzalanmaması Ermənistanın Rusiya ilə yüksək ticarət və enerji əlaqələri, Moskvanın iqtisadi təzyiq imkanları və regiondakı digər siyasi-iqtisadi rıçaqları Rusiyanın Cənubi Qafqazdan tamamilə sıxışdırıldığını söyləməyə imkan vermir.
Bu baxımdan, Cənubi Qafqazda baş verənləri Rusiyanın “tam məğlubiyyəti”ndən daha çox, Moskvanın əvvəlki dominant təsir modelinin çoxvektorlu və rəqabətli regional sistemlə əvəzlənməsi kimi xarakterizə etmək mümkündür.
Azərbaycanda da Rusiya təsiri tam aradan qalxmayıb…
Bununla belə, Rusiyanın Cənubi Qafqazdakı təsirinin zəifləməsi Azərbaycan üçün də Moskvanın bütün təsir imkanlarını itirməsi anlamına gəlmir. Əksinə, bir sıra iqtisadi və siyasi göstəricilər Rusiyanın Azərbaycanda hələ də müəyyən rıçaqlara malik olduğunu göstərir.
Beynəlxalq Valyuta Fondunun (BVF) 2026-cı il Azərbaycan üzrə hesabatında Rusiyanın ölkənin ən böyük idxal tərəfdaşı olduğu, ümumi idxalda payının 18 faiz, ərzaq idxalında isə 34 faiz təşkil etdiyi bildirilir. Fond qeyd edir ki, Rusiyadakı inflyasiya Azərbaycanda ərzaq qiymətlərinə də ciddi təsir göstərir. Bu, siyasi münasibətlərdəki gərginliyə baxmayaraq, iki ölkənin iqtisadi əlaqələrinin hələ də əhəmiyyətli olduğunu göstərir…
Eyni zamanda, 2026-cı ilin ilk yarısında Azərbaycan-Rusiya ticarət dövriyyəsi 31,4 faiz azalaraq 1,73 milyard dollara düşüb. Lakin Rusiya yenə də Azərbaycanın 5-ci ən böyük xarici ticarət tərəfdaşı olaraq qalıb. “Interfax” Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadla yazır ki, Rusiyanın Azərbaycanın ümumi xarici ticarətindəki payı 7 faiz təşkil edib. Rusiya həmçinin Azərbaycanın qeyri-neft məhsullarının mühüm ixrac bazarlarından biri olaraq qalır.
Digər tərəfdən, ABŞ-ın “CEPA” analitik mərkəzi yazır ki, Moskva Bakı ilə münasibətlərdə əvvəlki gərginliklərə baxmayaraq, Azərbaycanla əlaqələri yenidən möhkəmləndirməyə çalışır. Mərkəzin təhlilinə görə, Rusiya Ermənistan üzərində əvvəlki təsir imkanlarının azalması fonunda Azərbaycanla münasibətlərinin əhəmiyyətini daha da artırır və regionda öz rolunu qorumağa çalışır.
Bu baxımdan, Rusiya-Azərbaycan münasibətlərindəki vəziyyəti yalnız siyasi gərginliklər üzərindən qiymətləndirmək düzgün olmazdı. Moskvanın Bakı üzərində əvvəlki kimi dominant siyasi təsirə malik olduğunu söyləmək çətin olsa da, iqtisadi, ticarət və regional kommunikasiya əlaqələri Rusiyaya müəyyən təsir imkanlarını qoruyub saxlamağa imkan verir.
Üstəlik, “Reuters” iyul ayında Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda Rusiya və Almaniya nümayəndələri arasında gizli görüşlərin keçirildiyini açıqladığını yazmışdı. Bu fakt Azərbaycanın regional və beynəlxalq diplomatik proseslər üçün Rusiya ilə bağlı məsələlərdə də mühüm platformaya çevrildiyini göstərir. Əliyev həmin görüşlərin keçirilməsindən narazılığını ifadə etsə də, dialoqun Ukrayna müharibəsinin başa çatmasına töhfə verəcəyi halda buna müsbət yanaşacağını bildirmişdi…
Bu yanaşma həm də “Financial Times”-ın 16 avqust tarixli təhlilində Azərbaycanın Rusiya, Çin, Türkiyə, ABŞ və Avropa İttifaqı ilə paralel əlaqələr saxlayan “mini-middle power” — yəni müəyyən strateji sahələrdə öz ölçüsündən daha böyük təsir yarada bilən dövlət kimi qiymətləndirilməsi ilə səsləşir. FT-nin yanaşmasına görə, məhz bu çoxvektorlu siyasət Bakıya böyük güclər arasında manevr imkanlarını qorumağa şərait yaradır.
Eyni zamanda, Rusiyanın Azərbaycandakı təsir imkanlarını qiymətləndirərkən sovet xüsusi xidmət orqanlarının irsini də nəzərə almaq lazımdır. Avropa Şurası Parlament Assambleyasının hesabatında qeyd olunur ki, Azərbaycanda dövlət və keçmiş “KQB” sənədlərinə çıxış məhdud olaraq qalır və 1996-cı ildə müvafiq qanunvericilik dəyişikliklərindən sonra bu arxivlərin tədqiqatçılar üçün əlçatanlığı yenidən məhdudlaşdırılıb.
Bu səbəbdən hazırda varisinin Rusiya “FSB”-nin olduğu sovet “KQB”-nin Azərbaycandakı fəaliyyətinin miqyası, agentura əlaqələri və mümkün təsir kanalları barədə tam mənzərəni müəyyənləşdirmək çətindir. 2017-ci ildə hazırlanan “KQB arxivlərinə açıq çıxış” adlı araşdırmada da Azərbaycandakı keçmiş sovet xüsusi xidmət orqanlarının arxivlərinin dövlət təhlükəsizlik strukturlarının tabeliyində qalması və fondların ümumi strukturunun belə, tam məlum olmaması qeyd edilirdi.
Bu faktlar Kremlin hazırda Azərbaycanda mütləq şəkildə geniş agentura şəbəkəsinə malik olduğunu sübut etmir. Lakin sovet dövründən qalan əlaqələrin, keçmiş kadr şəbəkələrinin və təsir mexanizmlərinin nə dərəcədə aradan qalxdığını müstəqil şəkildə qiymətləndirməyi çətinləşdirir. Ona görə bu aspektdənd ə “Rusiyanın Azərbaycanda təsiri tamamilə zəifləyib” qənaətinə ehtiyatla yanaşmaq və Moskvanın mümkün qeyri-formal təsir kanallarının da mövcudluğunu nəzərə almaq lazımdır…
Beləliklə, “Rusiya Cənubi Qafqazda zəifləyir” tezisini Azərbaycan kontekstində “Rusiya əvvəlki dominant mövqeyini itirir, lakin Azərbaycandakı iqtisadi və müəyyən siyasi təsir rıçaqlarını tamamilə itirməyib” şəklində ifadə etmək daha dəqiq görünür. Azərbaycanın Türkiyə, ABŞ, Avropa İttifaqı və Mərkəzi Asiya ilə əlaqələrini genişləndirməsi Moskvanın nisbi çəkisini azaldır, lakin Rusiya ilə mövcud ticarət, enerji, nəqliyyat və digər iqtisadi bağlar onun təsir imkanlarının tamamilə yoxa çıxmasına imkan vermir.
Nəticə olaraq, Cənubi Qafqazda söhbət Rusiyanın birdən-birə təsirsizləşməsindən deyil, onun əvvəlki dominant mövqeyinin daha rəqabətli və çoxqütblü regional sistemlə əvəzlənməsindən gedir. Azərbaycan da Moskva ilə əlaqələri tam kəsmək əvəzinə, Türkiyə, ABŞ, Avropa İttifaqı və digər güc mərkəzləri ilə münasibətlərini balanslaşdıraraq manevr imkanlarını genişləndirir. Eyni zamanda, Rusiyanın iqtisadi və regional əlaqələrdən irəli gələn müəyyən rıçaqları hələ də qalır.
Beləliklə, Azərbaycan-Ermənistan sülh prosesinin ilk ili Moskvanın Cənubi Qafqazdakı əvvəlki vasitəçi və dominant rolunu zəiflədib, lakin yeni geosiyasi balans hələ tam formalaşmayıb. Bakı və İrəvanın Qərblə yaxınlaşması Rusiyanın manevr imkanlarını daraltsa da, Moskvanın iqtisadi, enerji və təhlükəsizlik sahəsində qoruyub saxladığı imkanlar onun regiondan tamamilə kənarlaşdırılmadığını göstərir...