Ermənistan Mərkəzi Bankı ölkənin kommersiya banklarına Rusiyaya qarşı beynəlxalq sanksiyaların mümkün şəkildə yan keçilməsinin qarşısını almaq üçün yeni tələblər müəyyənləşdirib. Aqustun 12-dən qüvvəyə minən tələblərə əsasən, Ermənistan bankları Rusiyaya qarşı sanksiyaların dolanılması ilə əlaqəli ola biləcək əməliyyatları operativ şəkildə müəyyən etməlidirlər.
Bu qərar Ermənistan-Rusiya münasibətlərində siyasi baxımdan nə qədər ciddi dönüş nöqtəsidir?
Redaktor.az-a mövzu ilə bağlı danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev bildirdi ki, 2026-cı il seçkilərindən sonra rəsmi İrəvanın Moskva ilə münasibətlərindəki dəyişikliklər özünü daha geniş şəkildə büruzə verir:
"Aydın məsələdir ki, seçkilərdən əvvəl Rusiyaya qarşı “balanslaşdırma siyasəti”nin tərəfdarı olan Nikol Paşinyan seçkilərdə qalib gəldikdən və Qərb investisiyasını ölkəyə cəlb etdikdən sonra Rusiya ilə münasibətləri də yeniləməkdə maraqlıdır. Rusiyanın Paşinyan əleyhinə atdığı addımlar və paralel olaraq Qərbin Paşinyan mərkəzli Ermənistana tam dəstək verməsi, sözsüz ki, seçkilərdən sonra iki dövlət arasında münasibətlərdə yeniliklərin olacağını istisna etmirdi. Digər tərəfdən, qeyd etdiyim kimi, Ermənistana Qərbdən gələn investisiya ölkənin Qərb maliyyə sisteminə uyğunlaşmasını tələb edir".
Müsahibimizin fikrincə, Rusiyanın sanksiyalara məruz qalması və Ermənistanın bu sanksiyalardan yayınmaqda Rusiyaya hər hansı dəstək verməsi Ermənistanın Qərb tərəfdaşlığındakı etimadını sual altına qoya bilər:
"Bu təhlil onu deməyə əsas verir ki, Ermənistan Mərkəzi Bankının ölkənin kommersiya banklarına Rusiyaya qarşı beynəlxalq sanksiyaların mümkün şəkildə yan keçilməsinin qarşısını almaq üçün yeni tələblər müəyyənləşdirməsi qərarı təsadüfi deyil. Avqustun 12-dən qüvvəyə minən tələblərə əsasən, Ermənistan bankları Rusiyaya qarşı sanksiyaların dolanılması ilə əlaqəli ola biləcək əməliyyatları operativ şəkildə müəyyən etməlidirlər. Bu müəyyənləşdirmədən sonra atılacaq addımlar isə sual altındadır. Yəni Mərkəzi Bank uyğunsuzluq aşkar etdikdən sonra əməliyyatı həyata keçirən kommersiya tərəfinə qarşı hansı addımları ata bilər? Atılacaq addımlar, təbii ki, Rusiya-Ermənistan münasibətlərinə təsirsiz qalmayacaq".
Siyasətçi qeyd etdi ki, Ermənistan hakimiyyəti ölkənin Rusiya ilə düşmən və ya anti-Rusiya siyasəti aparmasında maraqlı deyil:
"Belə addımın gətirə biləcəyi fəsadları aydın şəkildə hesablayan hakimiyyət paralel olaraq Qərblə genişlənməkdə olan iqtisadi əlaqələri qüsursuzlaşdırmaq istəyir. Beləliklə də, Rusiya ilə olan iqtisadi münasibətləri müəyyən formada saxlamaqla Qərbin maliyyə sisteminə adaptasiyanı həyata keçirir.
Ümumiləşdirsək, Ermənistanın bu qərarı Rusiya ilə olan iqtisadi əlaqələr üçün yeni mərhələ hesab oluna bilər. Ermənistan bununla da öz maliyyə sisteminin Qərbə inteqrasiyasını sürətləndirir və Rusiyanın Ermənistan maliyyə sistemindəki illeqallığını tamamilə azaldır. Ermənistan Rusiya əleyhinə sanksiyalara qoşulmur (bunun üçün iqtisadi imkanları məhduddur), amma Rusiyanın sanksiyalardan yayınmaq üçün Ermənistandan istifadə etməsinə icazə vermir".



















