“Bu gündən etibarən mənim və ailəmin təhlükəsizliyinə görə tam məsuliyyət Bidzina İvanişvilinin və bütün hakimiyyətin üzərinə düşür”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili deyib.
Keçmiş hökumət başçısı sosial mediadakı paylaşımında Bidzina İvanişvilinin göstərişi ilə məktub aldığını bildirib:
“Bu məktubu mənə Bidzina İvanişvilinin göstərişi ilə göndəriblər. Bu addımı atmamaq üçün əlimdən gələni etdim, hər şeyi sınadım. Təəssüf ki, ləyaqətimi alçaldan şərə qarşı çıxmaqdan başqa mənə heç bir yol qoymadılar. Bu amansız qəddarlığa, təzyiqə və ədalətsizliyə, məni və ailəmi məhv etmək kimi çirkin plana qarşı çıxmaqdan başqa yolum qalmadı.
Sabah məktubu geniş şəkildə yayımlayacam və həqiqətimi cəmiyyətə danışacam. Bu gündən etibarən mənim və ailəmin təhlükəsizliyinə görə tam məsuliyyət Bidzina İvanişvilinin və bütün hakimiyyətin üzərinə düşür”.
İrakli Qaribaşvili məktubun fotosunu da yayıb.
Məktubda deyilir:
“Dito Çubinişvili və İrma İnaşvili kimi “tərəfdarlar”ın” və sosial şəbəkələrdə təşkil olunan kampaniyaların yaratdığı çox ciddi şübhələr bizi ciddi şəkildə zədələyib. Bir neçə iş üzrə çox intensiv fəaliyyət aparılır və onların ehtimal olunan nəticəsi korrupsiya ittihamları olacaq. Buna görə də bizim iki hərəkət variantımız var: ciddi şəkildə mübarizə aparmaq və işi sona qədər davam etdirmək.
(İkinci variantı bizə özləri kompromis həlli kimi təklif ediblər) - hansısa bir işi etiraf etmək, yəni məsuliyyəti üzərimizə götürmək. Hər şey razılaşma əsasında həyata keçiriləcək: etiraf, şahidlərin ifadə verərək bunu təsdiqləməsi və sair. Bu halda bizə həmin 5 illik müddətlə prosessual razılaşma təklif edirlər. Mənə izah etdiklərinə görə, cəzalar bir-birini əvəz edəcək və nəticədə yenə beş il qalacaq.
Azadlığa çıxdıqdan sonra siyasətə yaxınlaşmamalısan. Əgər oyunu pozmağa qərar versən, etiraf etdiyin korrupsiya ittihamı siyasətə qayıtmağı düşünməməyin üçün sığorta mexanizmi olacaq”.









