ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı “Azadlığa dəstək Aktı”nın 907-ci düzəlişində nəzərdə tutulan məhdudiyyətlərin tətbiqindən azad etmə müddətinin uzadılması barədə Konqresə bildiriş göndərib.
Sənədə əsasən, Dövlət Departamenti müvafiq bildirişi iyulun 28-də Senatın Xarici Əlaqələr Komitəsinə, avqustun 10-da isə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edib.
ABŞ-da siyasi vəziyyətin kifayət qədər mürəkkəb olduğu bir vaxtda Konqres, xüsusilə Senat bu qərarın qarşısını almağa çalışacaq, yoxsa 907-ci düzəlişin tətbiqindən növbəti dəfə imtina ediləcək? 1992-ci ildən Azərbaycan-ABŞ münasibətlərinin üzərində siyasi təzyiq aləti kimi qalan 907-ci düzəliş nə vaxt və hansı şərtlər daxilində tamamilə aradan qaldırıla bilər?
Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, bu, Vaşinqtonun Bakı ilə münasibətlərdə praktik əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu göstərir:
“Dövlət Departamenti sənədi iyulun 28-də Senatın Xarici Əlaqələr Komitəsinə, avqustun 10-da isə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edib. Bu, prosedur baxımından yeni hadisə olsa da, mahiyyət etibarilə ABŞ prezidentlərinin 2002-ci ildən tətbiq etdiyi xəttin davamıdır. Yəni başqa sözlə, prezident müəyyən şərtlər daxilində 907-nin tətbiqini illik əsasda dayandıra bilir və bu barədə Konqresə məlumat verir.
O baxımdan, Senatın bu mərhələdə azadolmanın uzadılmasına mane olması ehtimalı yoxdur. Çünki söhbət 907-ci düzəlişin ləğvindən deyil, onun tətbiqinin dayandırılmasının davam etdirilməsindən gedir. Hüquqi mexanizm prezidentə bu səlahiyyəti verdiyi üçün Konqresin ayrıca yeni qanun qəbul etməsi tələb olunmur. Üstəlik, ABŞ administrasiyasının hazırkı qərarı Vaşinqtonun Azərbaycanla təhlükəsizlik və regional əməkdaşlığı davam etdirmək marağı ilə uzlaşır. Qanun prezidentdən azadolmanın terrorla mübarizə, Azərbaycan sərhəd təhlükəsizliyi və Azərbaycan-Ermənistan sülh prosesinə zərər vurmaması kimi meyarlarla əsaslandırılmasını tələb edir.
Bununla belə, Konqres daxilində 907-ci düzəlişə münasibətin birmənalı olduğunu da söyləmək olmaz. Xüsusilə ermənipərəst dairələr və bəzi qanunvericilər azadolmaların davam etdirilməsinə qarşı çıxırlar. Buna görə ayrı-ayrı senatorların və konqresmenlərin siyasi etirazları mümkündür, lakin bu etirazlar hazırkı azadolmanı hüquqi baxımdan dayandırmır.
907-ci düzəlişin tamamilə ləğvinə gəldikdə isə, burada artıq prezidentin qərarı kifayət etmir. Düzəliş 1992-ci ildə Konqres tərəfindən qanuna daxil edildiyi üçün onun tam ləğvi də Konqresin yeni qanun qəbul etməsini tələb edir. Hazırda bunun üçün konkret qanunvericilik təşəbbüsü də mövcuddur. Belə ki, H.R.6534 layihəsi birbaşa 907-ci düzəlişin ləğv edilməsini nəzərdə tutur və Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının əldə olunmasını əsaslandırıcı amillərdən biri kimi göstərir.
Düşünürəm ki, sərhədlərin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, kommunikasiyaların açılması, hərbi qarşıdurma riskinin aradan qaldırılması və ABŞ-Azərbaycan strateji əməkdaşlığının dərinləşməsi Konqresdə 1992-ci ildə qəbul edilmiş məhdudiyyətin artıq mövcud reallığa uyğun gəlmədiyinə dair arqumenti gücləndirəcək və nəhayətdə bu haqsız düzəliş tamamilə ləğv olunacaq. Yəni Vaşinqtonun regiondakı strateji maraqları Azərbaycanla daha sıx tərəfdaşlığı tələb etdiyi üçün düzəlişin tam ləğvi real siyasi gündəmə çevrilə bilər”.









