Ermənistanda açılan Nvidia süni intellekt mərkəzi Azərbaycan mediasında da çox danışılır və bununla bağlı təbii olaraq mənə də suallar ünvanlanır.
Tərəfsiz olsaq, xəbərlər bir az şişirdilmiş formadadır. Birincisi mərkəzi Nvidia açmır. Yəni əsas investisiya yatıran Nvidia deyil. Nvidia texnoloji tərəfdaşdır. Onlar çipləri təmin edir, hazırda B200, sonrakı mərhələlərdə GB300 və Vera Rubin nəsli. Yəni Nvidia bir növ satıcıdır, çip satır. Hər yerə satdığı kimi.
Layihəni həyata keçirən isə Firebird-dir. Firebird Ermənistanda mərkəz açmaq üçün kredit və maliyyə cəlb edir, Amerika höküməti çiplərin satışına icazə verir və onlar məhsulu Nvidia-dan alıb Dell ilə birlikdə məlumat mərkəzi yaradırlar.
Burda bir məqam var: Nvidia Firebird-ə investisiya niyyəti də açıqlayıb, CoreWeave isə artıq investisiya edib. Amma bu, Ermənistana xüsusi münasibət deyil, Nvidia-nın qlobal modelidir: çip satdığı şirkətdə pay götürür. Buna "dairəvi maliyyələşdirmə" deyirlər.
Bu mərkəzin özü də 90% həcmdə xarici şirkətlərə icarəyə veriləcək. Yəni AI inkişaf etdirən şirkətlər oradan yer alıb, işlədəcəklər. Bir növ server icarə məntiqi.
İşin əsas maraqlı tərəfi odur ki, Firebird elə Amerikan mərkəzli erməni şirkətidir. Razmig Hovaghimian ermənilərin Amerikada tech ekosisteminin aparıcı simalarındandır; Alexander Yesayan isə Ermənistanda Telecom Armenia-nın ana şirkəti olan Team Group-un həmtəsisçisidir. Yəni diaspor kapitalı ilə yerli biznesin birləşməsidir.
Onlar Firebird şirkətləri ilə diaspor Afeyan Foundation for Armenia-dan investisiya alıb, Ameriabankı 60 milyon dollarlıq maliyyələşdirmə ilə cəlb edərək və hökumətlə 500 milyon dollarlıq dövlət-özəl tərəfdaşlıq quraraq böyük məbləğlə öz bazarlarına investisiya ediblər.
Bu uğurdurmu? Bəli, uğurdur. Amma Nvidia gəldi Ermənistanı seçdi, yatırım etdi məsələsi deyil. Bunun əsas tərəflərindən biri də siyasi tərəfidir. Yəni ABŞ vitse prezidenti Vens özü demişdi ki, bu qrafik kartların Ermənistana satılmasına icazə veriblər. Çünki bu GPU-lar artıq silah kimi alınıb-satılır.
Bəs Azərbaycanın bu GPU-lara çıxışı varmı? Bəli var. Artıq əlimizdə də var. Azərbaycanda da data mərkəzlər və süni intellekt mərkəzləri yaradılıb və inşası davam edir. Yəni bu texnologiya bizim üçün də əlçatandır və ABŞ ilə strateji tərəfdaşlıqsa bu xüsusi vurğulanır - AI məsələsi.
Amma Azərbaycanda yanaşma belədir ki, bu mərkəzlərdə sifarişçi Azərbaycan hökümətidir. Yəni dövlət bunu edir. Özəl sektor isə hələ ki bura ciddi yatırım etmir. Azərbaycanın da Amerikada böyük şirkətləri və güclü tech ekosistemi yoxdur ki, ordan çıxan sahibkar ölkəyə Ermənistanda olduğu kimi yatırım etsin.
Yəni məsələnin mahiyyəti budur. Məqsədim Ermənistanın gördüyü işi kiçiltmək deyil. Uğurlu işdir amma burda əsas pay Erməni sahibkarların və buna büdcə ayıran lobbiçi fondlarındır.
Nvidia gəldi Ermənistanı seçdi, pul yatırdı... söhbətləri real deyil və manipulyasiyadır.
Mən əslində Azərbaycanda dayanmadan mərkəz açmağın da əleyhinəyəm. Kadr olmadan, başqa resurslar olmadan bu mərkəzlər sadəcə icarədən gəlir gətirə bilər. AI-ı inkişaf etdirən mütəxəssislər, məlumat bazaları və modellərdir. Bunlar əlində varsa, istəyirsən serverini Amerikadan icarəyə götür, istəyirsən Ermənistandan - fərqi yoxdur.
Lokal mərkəzlərimiz isə daha çox dövlət qurumları və fərdi məlumatlarımızın qorunması üçün lazımdır. Bu istiqamətdə isə addımlar atılıb.
Fərid Pərdəşünas - "DİA-AZ"














