Dünən Rusiya prezidenti Vladimur Putin Sakit okean donanmasının geniş hərbi təlimlərinin yekun mərhələsində “Varyaq” paket kreyserinin bortunda çıxış edərkən bildirib kli: “NATO Asiya-Sakit Okean bölgəsinə nüfuz edir və orada yeni silahlar yerləşdirmək planları Rusiya üçün təhlükə yaradır”. Rusiya prezidenti eyni zamanda Yaponiyanın siyasətini tənqid edib və onun Kuril adaları ilə əlaqədar iddialarına münasibət bildirib.
Putinin çıxışında toxunduğu məsələlərin arxasında arxasında müəyyən real proseslər dayanır. Belə ki, NATO Yaponiya, Avstraliya, Cənubi Koreya və Yeni Zelandiyanı Hind-Sakit okean regionundakı tərəfdaşları kimi qəbul edir və açıq şəkildə Avro-Atlantik və Hind-Sakit okean təhlükəsizliyinin bir-biri ilə əlaqəli olduğunu bildirir.
Daha maraqlısı isə əməkdaşlığın artıq yalnız siyasi dialoq səviyyəsində qalmamasıdır. 2026-cı ilin mayında NATO-nun müdafiə sənayesi və innovasiya üzrə nümayəndəsi Yaponiyaya və Cənubi Koreyaya səfər edib. Tərəflər birgə istehsal, birgə silah hazırlanması, müdafiə texnologiyalarının inteqrasiyası və ümumi standartların tətbiqi məsələlərini müzakirə ediblər. NATO bunu daha güclü müdafiə-sənaye bazasının yaradılması məqsədi ilə əlaqələndirib. İyul ayında NATO baş katibi Mark Rutte Yaponiyanın müdafiə naziri Şinjiro Koizumini Brüsseldə qəbul edib. Görüşdə müdafiə sənayesi, Ukraynaya dəstək və Avro-Atlantik təhlükəsizliklə Hind-Sakit okean təhlükəsizliyi arasındakı əlaqə müzakirə olunub.
Buna görə də Putinin “NATO Asiya-Sakit Okean bölgəsinə nüfuz edir və orada yeni silahlar yerləşdirmək planları Rusiya üçün təhlükə yaradır” ifadəsi siyasi baxımdan mübahisəli olsa da, onun istinad etdiyi proses tamamilə realdır. NATO Asiyada klassik mənada yeni üzvlük sistemi yaratmır, amma öz tərəfdaşları ilə hərbi-siyasi və müdafiə-sənaye əlaqələrini daha sıx inteqrasiya edir.
Rusiyanı da ən çox narahat edən budur. Ümumiyyətlə Rusiya NATO-nun istənilən addımından narahatdır və onu özü üçün təhlükə hesab edir. Burada maraqlı cəhətlərdən biri kimi Yaponiya məsələsinin xüsusi qabardılmasını göstərmək olar.
Rusiya lideri Moskvanın Tokioya qarşı ərazi iddiasının və təhlükə yaratmaq niyyətinin olmadığını bildirib, eyni zamanda Yaponiyanın Kuril adaları ilə bağlı Rusiyaya ərazi iddialarını xatırladıb. O, keçmiş baş nazir Şinzo Abe ilə Rusiya arasında konstruktiv münasibətlərin olduğunu, lakin Tokionun sonradan mövqeyini dəyişdiyini deyib.
Bu, Moskvanın Yaponiyanı artıq yalnız "Qərbin Ukrayna məsələsində Rusiyaya qarşı sanksiya tətbiq edən ölkəsi" kimi deyil, Sakit okeandakı təhlükəsizlik arxitekturasının bir elementi kimi qəbul etdiyini göstərir.
Tokionun mövqeyindəki dəyişiklik də realdır. Yaponiya 2026-cı ildə Ukraynaya dəstəyi davam etdirəcəyini və Rusiya əleyhinə sanksiyaları beynəlxalq tərəfdaşlarla koordinasiya edəcəyini açıq şəkildə bildirir. Yaponiya həmçinin NATO-nun Ukraynaya yardım mexanizmlərində iştirakını genişləndirib. May ayında Tokio NATO-nun Almaniyadakı Ukraynaya təhlükəsizlik və təlim yardımına cavabdeh komandanlığına öz şəxsi heyətini göndərib.
Beləliklə, Moskva üçün problem artıq yalnız Kuril adaları deyil. Problem Yaponiyanın Rusiya ilə münasibətlərində "strateji məsafə" siyasətindən uzaqlaşaraq ABŞ və NATO ilə təhlükəsizlik inteqrasiyasını dərinləşdirməsidir.
Lakin Putinin çıxışında Kuril adalarının xatırlamasının başqa bir mühüm tərəfi də var. Məlumdur ki, Rusiya–Yaponiya münasibətlərində Kuril adaları məsələsi uzun illər diplomatik mübahisə olaraq qalsa da, indi onun hərbi-strateji əhəmiyyəti artır. Cənubi Kuril adaları həm Oxot dənizinə, həm də Sakit okeanın şimal hissəsinə çıxış baxımından Rusiyanın Sakit okean müdafiə sistemində əhəmiyyətli mövqeyə malikdir. Bu səbəbdən Moskva Yaponiyanın ərazi iddialarını yalnız diplomatik problem kimi deyil, potensial hərbi-strateji risk kimi qiymətləndirir.
Putinin çıxışının ən mühüm hissələrindən biri Asiya-Sakit okean regionu ilə Arktikanı eyni təhlükəsizlik çərçivəsində təqdim etməsidir. Şimal Dəniz Yolu Rusiya üçün sadəcə nəqliyyat marşrutu deyil. Bu marşrut Arktikada Rusiyanın iqtisadi, hərbi və geosiyasi mövqeyinin əsas dayaqlarından biridir. Moskva burada beynəlxalq dəniz hüququ çərçivəsində əməkdaşlığa hazır olduğunu bildirsə də, marşrut üzərində nəzarətin zəifləməsinə yol vermək istəmir. Beləliklə, Rusiyanın təhlükəsizlik xəritəsində üç istiqamət Avropa, Arktika və Sakit okean hövzəsi getdikcə birləşir. Bu, Rusiyanın strateji planlaşdırması baxımından mühüm dəyişiklikdir. Ukrayna müharibəsi Rusiyanı Avropada Qərblə qarşıdurmaya sürüklədiyi halda, Moskva indi eyni qarşıdurmanın Arktika və Sakit okean istiqamətlərində də yeni formalar ala biləcəyini düşünür.
Putinin Sakit Okean Donanmasının təlimləri zamanı danışması da bu baxımdan simvolik deyil. Rusiya lideri eyni çıxışda donanmanın imkanlarının artırılması və regiondakı hərbi potensialının inkişaf etdirilməsi üçün yeni tapşırıqlar veriləcəyini bildirib. Yəni Moskvanın cavabı diplomatik etirazla məhdudlaşmır: Rusiya Sakit okean istiqamətində hərbi çəkisini artırmaq niyyətini nümayiş etdirir.
Putinin çıxışının ən sərt hissəsi Rusiya ticarət gəmilərinə mümkün müdaxilə ilə bağlı idi. O bildirib ki, bəzi Qərb ölkələri Rusiya ticarət gəmilərinin hərəkətini məhdudlaşdırmağa və hətta onların ələ keçirilməsinə hazırlaşırlar. Putin belə hərəkətləri "dəniz quldurluğu və soyğunçuluq" adlandırıb və Rusiya gəmilərinin ələ keçirilməsinə cavabın "eyni şəkildə" veriləcəyini, bunun mütləq hadisənin baş verdiyi sularda olmayacağını deyib. Bunu sadəcə siyasi ritorika kimi deyil daha ciddi siqnal kimi qəbul etmək lazımdır. Belə ki, Rusiya sanksiyalarla bağlı "asimmetrik cavab" imkanından ilk dəfə deyil ki, danışır. Lakin bu dəfə cavabın coğrafiyasının əvvəlcədən məhdudlaşdırılmaması xüsusi vurğulanır.
Başqa sözlə Rusiya istənilən yerdə öz ticarət donanmasına qarşı fiziki müdaxiləni Ukrayna müharibəsinin iqtisadi sanksiyalarından fərqli, daha yüksək eskalasiya səviyyəsi kimi qəbul edəcək. Bu, isə öz növbəsində Baltikdən Arktikaya, Qara dənizdən Sakit okeana qədər dəniz kommunikasiyalarının təhlükəsizlik məsələsinə çevrilməsi deməkdir.
Bütövlükdə, Putinin bu çıxışının arxasında daha böyük geosiyasi narahatlıq görünür. Rusiya son illərdə Qərblə qarşıdurmanın yalnız Avropa məkanı ilə məhdudlaşmayacağını anlayır. ABŞ və müttəfiqləri üçün Rusiya təhlükəsi artıq Avropa ilə Asiya arasında bölünmüş iki ayrı problem deyil. NATO özü də bunu açıq şəkildə ifadə edir: Hind-Sakit okeanda baş verənlər Avro-Atlantik təhlükəsizliyə təsir göstərir. Rusiya isə bu yanaşmanın əks tərəfini görür: əgər Avropa təhlükəsizliyi Asiya təhlükəsizliyi ilə əlaqələndirilirsə, deməli, Rusiya eyni vaxtda bir neçə strateji istiqamətdə təzyiqlə üzləşə bilər. Yaponiya şərqdə, NATO Avropada, Arktika isə hər iki məkanı birləşdirən strateji dəhliz kimi çıxış edir.
Rusiya Qərblə qarşıdurmanın artıq Avropa sərhədlərindən kənara çıxdığını və Sakit okean–Arktika xəttində yeni təhlükəsizlik reallığının yarandığını elan edir. NATO isə öz növbəsində Hind-Sakit okean tərəfdaşları ilə hərbi və müdafiə-sənaye əməkdaşlığını dərinləşdirir. Yaponiya NATO ilə müdafiə sənayesi, kibertəhlükəsizlik, dəniz təhlükəsizliyi və Ukraynaya yardım sahələrində əməkdaşlığı genişləndirir.
Bu prosesin ən təhlükəli tərəfi isə onun qarşılıqlı məntiqidir: Rusiya NATO-nun Asiyaya yaxınlaşmasını öz təhlükəsizliyinə təhdid sayır; Asiya ölkələri isə Rusiyanın hərbi siyasətini özlərinə təhlükə hesab etdiyi üçün NATO-ya yaxınlaşır. Beləliklə, bir tərəfin "müdafiə tədbiri" kimi gördüyü addım digər tərəfin gözündə "təhdid"ə çevrilir.
Nəhayət, Putinin son bəyanatının ən ciddi nəticəsi budur: Ukrayna müharibəsi nə vaxtsa dayansa belə, Rusiya ilə Qərb arasındakı strateji qarşıdurmanın coğrafiyası artıq əvvəlki vəziyyətə qayıtmayacaq. Avropa cəbhəsinin yanında Sakit okean və Arktika istiqamətləri də uzunmüddətli rəqabət məkanına çevrilir. Rusiya Sakit Okean Donanmasını gücləndirməyə, NATO isə Yaponiya və digər Asiya tərəfdaşları ilə inteqrasiyanı dərinləşdirməyə çalışdıqca, dünyanın bu hissəsində yeni silahlanma və qarşılıqlı çəkindirmə dövrünün başlanması ehtimalı artır.
Qulamhüseyn Əlibəyli - "DİA-AZ"














