Ermənistan siyasətində diqqətləri özünə çəkən kadr dəyişikliyi baş verib. Baş nazir Nikol Paşinyan Armen Qriqoryanı ölkənin Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edib. Onun yerinə isə parlamentin keçmiş spikeri Alen Simonyan təyin olunub.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Paşinyanın müvafiq qərarı artıq rəsmiləşib.
Məlumat üçün bildirək ki, Qriqoryan uzun müddət Paşinyanın komandasının əsas simalarından biri olub və təxminən 8 il Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutub. Onun vəzifədən kənarlaşdırılması bu səbəbdən sıradan kadr dəyişikliyi deyil.
Qriqoryanın bundan sonra hansı vəzifəyə təyin olunacağı ilə bağlı artıq müxtəlif məlumatlar yayılıb.
İlkin xəbərlərdə onun Böyük Britaniyaya səfir göndəriləcəyi bildirilir. Lakin Paşinyan daha sonra Qriqoryana Baş nazirin Aparatında vəzifə təklif etdiyini, sabiq Təhlükəsizlik Şurası katibinin isə dövlət qulluğunda fəaliyyətinə fasilə verməyə üstünlük verdiyini açıqlayıb.
Digər tərəfdən, Alen Simonyanın Təhlükəsizlik Şurasının katibi vəzifəsinə gətirilməsi də təsadüfi görünmür. Simonyan Paşinyanın siyasi komandasının tanınmış simalarından biridir və parlament sədri vəzifəsindən sonra yeni hökumət strukturunda mühüm posta gətirilməsi onun siyasi çəkisinin qorunduğunu göstərir.
Paşinyan Qriqoryanı niyə məhz indi vəzifədən uzaqlaşdırdı? Alen Simonyanın Təhlükəsizlik Şurasına gətirilməsi Paşinyanın hakimiyyət daxilində yeni balans yaratmaq planının tərkib hissəsidir?
Siyasi şərhçi Azər Hüseynovun düşüncələrinə görə, Nikol Paşinyanın Alen Simonyanı Ermənistan Təhlükəsizlik Şurasının katibi təyin etməsi və bundan əvvəlki şəxsin vəzifədən uzaqlaşdırılması bir neçə amillə əlaqəli ola bilər:
“Bu qərarı yalnız kadr dəyişikliyi kimi deyil, həm daxili siyasi proseslər, həm də Ermənistanın xarici və təhlükəsizlik siyasətində baş verən dəyişikliklər kontekstində qiymətləndirmək mümkündür.
Niyə məhz indi belə bir dəyişiklik edildi? Görünür, burada zamanlama xüsusi əhəmiyyət daşıyır. Ermənistan yeni siyasi mərhələyə daxil olduğu bir dövrdə Paşinyan təhlükəsizlik sisteminin idarə olunmasında siyasi baxımdan daha yaxın, mövcud daxili və beynəlxalq prosesləri yaxşı dərk edən və onun siyasi xəttinə uyğun hərəkət edə biləcək bir şəxsi ön plana çıxarmaq ehtiyacı hiss etmiş ola bilər.
Alen Simonyanın uzun müddət Paşinyanın siyasi komandasında yer alması da bu baxımdan diqqət çəkir. O, siyasi prosesləri yaxından bilən, hakimiyyətin daxilində baş verənləri və Paşinyanın siyasi yanaşmalarını yaxşı anlayan şəxslərdən biridir. Buna görə də onun Təhlükəsizlik Şurasının rəhbərliyinə gətirilməsi Paşinyanın təhlükəsizlik siyasəti üzərində siyasi nəzarəti daha da gücləndirmək istəyinin göstəricisidir.
Digər tərəfdən, Ermənistanın xarici siyasətində və təhlükəsizlik strategiyasında son dövrlərdə Qərbə doğru müəyyən istiqamət dəyişikliyi müşahidə olunur. Bu proses fonunda təhlükəsizlik siyasətinə rəhbərlik edən şəxsin beynəlxalq prosesləri daha yaxından dərk etməsi və yeni geosiyasi reallıqlara uyğun qərarların hazırlanmasında iştirak etməsi də əhəmiyyət qazanır”.
Siyasi ekspert burada daxili siyasi amili də nəzərdən qaçırmır: “Paşinyan üçün həm etibar etdiyi, həm də siyasi sistem daxilində kifayət qədər təcrübəyə malik şəxslərin strateji vəzifələrə gətirilməsi gələcək siyasi proseslər baxımından müəyyən üstünlüklər yarada bilər. Eyni zamanda, Alen Simonyanın gələcəkdə Paşinyanın siyasi rəqibinə çevrilməsi ehtimalını da tamamilə istisna etmək olmaz. Lakin bu mərhələdə bunu konkret fakt kimi deyil, yalnız mümkün siyasi ssenari kimi qiymətləndirmək daha doğru olar.
Ona görə də Simonyanın bu vəzifəyə təyin edilməsini yalnız Qərbə meylin gücləndirilməsi ilə izah etmək kifayət deyil. Daha məntiqli yanaşma budur ki, bu qərar Paşinyanın yeni siyasi mərhələdə həm təhlükəsizlik sisteminə siyasi nəzarəti gücləndirmək, həm daxili və beynəlxalq prosesləri daha yaxşı dərk edən kadrdan istifadə etmək, həm də Ermənistanın dəyişən xarici siyasət kursuna uyğun təhlükəsizlik idarəçiliyini yenidən formalaşdırmaq cəhdi ola bilər”.









