Şirvan Apellyasiya Məhkəməsində qoğurluqda təqsirləndirilən Rahim İmanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, İmişli Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Rahim İmanova Cinayət Məcəlləsinin (CM) 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə verilmiş ittihamdam CM-in 180.2.2 və 180.2.3-cü maddələri xaric olunub. Ona CM-in 177.2.3-cü maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İbtidai istintaq orqanının irəli sürdüyü ittihama görə, Rahim İmanov özgənin əmlakını talamaq məqsədilə 2024-cü ildə gecə saatlarında İmişi rayonu ərazisində marketlərfən birinə daxil olub.
İttihama görə, o, market binasına daxil olmaq üçün pəncərənin şüşəsini kürək və sol qolunun dirsək nahiyələri ilə vuraraq sındırıb. Bundan sonra Rahim İmanov sındırılmış pəncərədən marketə qanunsuz keçib və kassadan 20 manat nağd pul götürüb. Daha sonra pəncərənin yuxarı hissəsinə bərkidilmiş vitrindəki müxtəlif markalı siqaretləri də gizli şəkildə talayıb.
Beləliklə, ilk epizod üzrə marketə ümumilikdə 225 manat məbləğində maddi ziyan vurulub.
İttihamda bu əməl özgənin əmlakını gizli talama, yəni oğurluq kimi qiymətləndirilib.
Hadisənin bundan sonrakı hissəsi isə cəmi üç dəqiqə sonra baş verib.
İttihama əsasən, Rahim İmanov saat 01:33 radələrində şüşəsini sındırdığı həmin pəncərədən yenidən marketə qanunsuz daxil olub. Bu dəfə o, pəncərənin qarşısında yerə qoyulmuş karton qutunun içərisində olan siqaretləri götürüb. Həmin siqaretlərin ümumi dəyəri 56,90 manat təşkil edib.
Bundan başqa, marketin kassasında qalmış 10 manat nağd pulu da ələ keçirib.
Lakin ikinci epizod ilk hadisədən fərqli olaraq gizli şəkildə baş verməyib.
Belə ki, Rahim İmanov həmin əmlakı marketdə kassir-satıcı vəzifəsində işləyən şahidin gözü qarşısında götürüb.
Bu səbəbdən istintaq və birinci instansiya məhkəməsi onun ikinci əməlini soyğunçuluq kimi qiymətləndirib.
İkinci epizod nəticəsində marketə ümumilikdə 66,90 manat maddi ziyan vurulub.
Beləliklə, Rahim İmanov müxtəlif vaxtlarda eyni marketə daxil olaraq iki ayrı əməl törətməkdə təqsirli bilinib.
İlk epizod üzrə onun əməli Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə, yəni yaşayış sahəsinə, habelə anbara və ya digər saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq kimi qiymətləndirilib. İkinci epizod üzrə isə onun əməli Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.3-cü maddələri ilə tövsif edilib.
İmişli Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, Rahim İmanov barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilib.













