
Xəbər verdiyimiz kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz-Qazax Regional İdarəsinə yeni rəis təyin olunub. Komitə sədri Ramin Məmmədovun müvafiq əmri ilə Qüdrət Əliyev bu vəzifəyə gətirilib.
32gun.az-ın əldə etdiyi məlumata görə, Qüdrət Əliyev bu təyinatdan öncə Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə Şəmkir rayon təhsil sektorunun müdiri işləyib və 2022-ci ilin noyabrında müqavilə müddətinin başa çatması ilə əlaqədar fəaliyyətinə xitam verilib. Lakin o, həmin vəzifədə müqavilə müddəti bitənədək fəaliyyətini davam etdirə bilib.
Q.Əliyevin karyerasındakı diqqətçəkən məqamlardan biri isə onun Şəmkir Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Alimpaşa Məmmədovun idarəçiliyi dövründə birinci müavin postunu tutmasıdır. Həmin dövrdə o, qəfil birinci müavin vəzifəsindən azad edilərək Şəmkir rayon Təhsil Şöbəsinin müdiri postuna gətirilmişdi. Rayonda icra hakimiyyətinin əsas fiqurlarından birinin birbaşa təhsil sahəsinə rəhbər təyin olunması o vaxt yerli ictimaiyyət və media tərəfindən "vəzifə manipulyasiyası" və idarəetmədə qeyri-şəffaflıq iddiaları ilə kəskin tənqid edilmişdi.
Bununla yanaşı, 2021-ci ilin aprelində icra hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı ölkə mediası ilk saatlarda Qüdrət Əliyevin də rəsmən həbs edildiyi barədə geniş xəbərlər yaymışdı. Böyük rezonans doğuran bu məlumatlardan sonra Təhsil Nazirliyi rəsmi açıqlama yayaraq onun həbs olunmadığını və işinin başında olduğunu bildirməli oldu. Yaranmış bu informasiya xaosu zamanı onun adı ətrafında ciddi ajiotaj yaşanmışdı.
Alimpaşa Məmmədovun rüşvət ittihamları ilə mühakimə olunduğu dövrdə Qüdrət Əliyev sabiq başçının ən yaxın ətrafı və imza səlahiyyəti olan keçmiş müavini kimi hüquq-mühafizə organları tərəfindən dindirilib. Onun cinayət məsuliyyətinə cəlb edilməməsinə baxmayaraq, uzun müddət məhkəmədə şahid qismində ifadə verməsi və mənimsənilən büdcə vəsaitlərinin sənədləşdirilməsi prosesində adının halallanması karyerasında ən qalmaqallı kölgə olaraq qalıb.





















