Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi, 783 min manatlıq mənimsəmədə ittiham olunan Mehdi Əmrahovun məhkəməsi davam edir.
Bizimyol.info xəbər verir ki, avqustun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Mehdi Əmrahov ifadə verib. Əvvəlki məhkəmə iclaslarında olduğu kimi, bu dəfə də Əmrahov mənimsəmə ittihamı üzrə özünü təqsirli bilmədiyini söyləyib. O, təkrar edib ki, kifayət qədər nəzarət edə bilmədiyinə görə özünü qismən təqsirli hesab edir.
20 il Səhiyyə Nazirliyində işləmiş Mehdi Əmrahov daha çox prokurorun, vəkilinin və hakimin suallarına verdiyi cavablar əsasında dindirilib.
İttihama əsasən, Mehdi Əmrahov işləməyən şəxsləri işçi kimi rəsmiləşdirib, onların maaşlarını isə özü mənimsəyib. O is bildirib ki, həmin şəxslər onlayn qaydada işləyiblər. Binada təmir işləri getdiyi vaxtda işçilərin gəlib orada işləməsi onların həyatı üçün riskli olduğuna görə onlayn qaydada işləmələri razılaşdırılıb:
“Bütün bina sökülmüşdü. Bina bağlanmışdı. Gəlib orada işləsəydilər, kiminsə başına daş düşə bilərdi. İnsan tələfatının qarşısının alınması üçün razılaşdırdıq ki, evdən işləsinlər”.
Mehdi Əmrahov bildirib ki, bununla bağlı Rüfət Hacıəlibəyovla şifahi şəkildə danışıqları olub. O, nazirlə danışıb, razılığını alandan sonra xəbər verəcəyini deyib. Sonra xəbər verib və işçilər onlayn qaydada işləyiblər.
Qeyd edək ki, Rüfət Hacıəlibəyov ötən ay Səhiyyə nazirinin müavini təyin edilib.
Prokuror isə qeyd edib ki, Rüfət Hacıəlibəyov sonradan yoxlama aparılmasına göstəriş verib və nəticədə işə gəlməyən şəxslərin adlarının işçilər siyahısında olması və onların maaşlarının başqa şəxslər tərəfindən çıxarılması faktları aşkarlanıb.
Mehdi Əmrahov istintaq vaxtı ziyandan 30 min manat ödəyib. Prokuror dindirmə zamanı sual verib ki, mənimsəmə ilə bağlı ittihamı qəbul etmirsə, 30 min manatı niyə ödəyib? Sabiq idarə rəisi bildirib ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində müstəntiq onu həbslə hədələyirdi. Bu səbəbdən 30 min manatı ödəyib.
“Mən bu ölkədə ilk “Səhiyyə əlaçısı” medalı alanlardan biri olmuşam. Bu gün Səhiyyə Nazirliyi ayaqdadırsa, mənim kimilərin sayəsində. Mən layihə hazırladım. Bakıda bütün təcili yardım maşınları dəyişdi. Bunun təşəbbüskarı mən olmuşam. Onkoloji xəstəliklər, şəkərli diabet xəstəliklıri ilə bağlı layihə oldu. Səhiyyə naziri Teymur Musayev həmin layihələrə görə mənə təşəkkür edib. Bunlar niyə deyilmir? İndi qatil, cani olmuşam. Nə isə…Lazım olanda, hər şey deyiləcək”.
İttihama əsasən, adı işçi kimi siyahıda olsa da, özü işləməyən 12 nəfərin maaş kartından pulları çıxaranlardan biri Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin kadrlar şöbəsinin əməkdaşı Yeganə Eyvazova olub. O, gətirib Mehdi Əmrahova verib.
Yeganə Əmrahova da məhkəmədə dindirilib. O bildirib ki, verilən göstərişləri icra edib, özünün heç bir maddi marağı olmayıb. Kartdan çıxarılan pullardan ona heç nə çatmayıb: “Mənə deyilmişdi ki, o pullar təmirə xərclənir”.
Məhkəmə prosesi sentyabrın 21-də davam edəcək.
Mehdi Əmrahov istintaq dövründə azadlıqda olsa da, Bakı Ağır Cinayətlər Məhkəməsində ilk hazırlıq iclasında həbs olundu.






















