Xəbər verdiyimiz kimi, Bakıda evlərin qiyməti kəskin bahalaşıb. Paytaxtın mərkəzi hissəsində bir kvadratmetrin qiyməti təxminən 4-7 min manat, mərkəzə yaxın ərazilərdə 2-4 min manat, şəhər kənarında isə 1.500-2.500 manat arasındadır. Köhnə binalarda isə qiymətlər əsasən bir kvadratmetr üçün 2.500-4 min manat arasında dəyişir.
Bu, nədən xəbər verir? Qiymət artımları normal qarşılanmalıdır? Ümumiyyətlə, qiymətlərin bu qədər yüksək olması ölkə iqtisadiyyatına necə təsir edir?
Globalinfo.az-a danışan əmlak eksperti Elnur Azadov deyib ki, son 6 il ərzində ölkədə daşınmaz əmlakın qiymətləri fasiləsiz artıb:
“Bu vəziyyət cəmiyyətin müxtəlif təbəqələrinə fərqli formada təsir edir. Sözsüz ki, bu sahədə ən çox həssas təbəqə əziyyət çəkir. Digərləri isə bunu normal göstərici kimi qəbul edir. Bəzi iqtisadçılar qiymət artımının ölkədə baş verən iqtisadi proseslərdən qaynaqlandığını bildirirlər və bunu adi hal kimi qarşılayırlar. Fikrimcə, Azərbaycanda daşınmaz əmlakın qiymətlərinin artması iqtisadiyyatımıza mənfi təsir göstərir. Vətəndaşlar mövcud gəlirləri ilə daşınmaz əmlak əldə etməkdə ciddi çətinlik çəkirlər. Nəzərə almaq lazımdır ki, vətəndaşların böyük hissəsinin yığım kapitalı xeyli azalıb. Bu isə əksəriyyətin mənzil ehtiyacını ödəyə bilməməsi ilə nəticələnib”.
Ekspert bildirib ki, Bakı kimi böyük şəhərdə orta hesabla, mənzillərin qiymətləri təxminən 75 faiz bahalaşıb:
“2021-ci ildən bu günə qədər artım davam edir. Hər ilin sonunda qiymət artımı 12 faizdən yuxarı olur. Ölkədə daşınmaz əmlakın kəskin bahalaşması özəl sektora, kənd təsərrüfatına, sənaye istehsalına, müxtəlif biznes aktivlərinə, yeni bizneslərin yaradılmasına və digər sahələrə də təsirsiz ötüşmür. Ümumiyyətlə, istər böyük, istərsə də kiçik sahibkarlıq subyektləri, sıravi vətəndaşlar, eləcə də hökumətin özü üçün ciddi problemlər yaradır. Məsələn, təkcə ipoteka ilə alınan mənzillərin qiymətinin 75 faizə qədər bahalaşması, bu gedişlə həmin göstəricinin 80 faizə qədər yüksəlməsinə səbəb ola bilər. Bu da dövlət üçün əlavə maliyyə yükü yaradır. Vətəndaşların daşınmaz əmlak əldə etməsi üçün hər il yarım milyarda yaxın vəsait ayrılır. Qiymət artımı isə insanların ayrılan bu vəsaitin az hissəsini əldə etməsinə səbəb olur. Nəticədə hökumət də vətəndaşların bu istiqamətdə təminatını artırmaq üçün büdcədən daha çox maliyyə ayırmalı olur. Əhalinin çox hissəsinin bu sektora kifayət qədər sərmayə qoymaq imkanı olmadığından onlar kreditlərdən istifadə etməyə məcbur qalırlar. Bu da öz növbəsində digər iqtisadi proseslərin ləngiməsinə səbəb olur”.






















