Danimarka hökuməti ölkənin müdafiə qabiliyyətini gücləndirmək məqsədilə təxminən 1,6 min çağırışçını hərbi xidmətə cəlb edib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, çağırışçılar artıq yenilənmiş 11 aylıq hərbi xidmətə başlayıblar. Agentlik bildirir ki, islahat ölkənin təhlükəsizliyinin gücləndirilməsi çərçivəsində həyata keçirilir və buna ABŞ administrasiyasının Qrenlandiya ilə bağlı bəyanatları da təsir göstərib.
"Reuters"in məlumatına əsasən, çağırışçıların bir hissəsi birbaşa Qrenlandiyaya göndəriləcək. Adada hər ay təxminən 100 hərbçinin xidmət aparacağı planlaşdırılır.
Danimarka hökuməti 2033-cü ilədək hərbi xidmətə cəlb olunanların sayını 7 min 500 nəfərə çatdırmağı hədəfləyir.
Qeyd edək ki, Qrenlandiya Danimarkanın muxtar ərazisidir. ABŞ və Danimarka 1951-ci ildə NATO üzrə müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiyanın müdafiəsinə dair saziş imzalayıblar. Həmin sənədə əsasən, Vaşinqton adanı mümkün xarici təhdidlərdən qorumağı öhdəsinə götürüb.
ABŞ Prezidenti Donald Tramp isə dəfələrlə Qrenlandiyanın ABŞ-ın milli təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığını bəyan edib.























