Ermənistanda Qarabağ separatçılarının yenidən fəallaşması, özlərinə "prezident" və "parlament sədri" seçməsi birbaşa Moskvanın təlimatı ilə reallaşır. Prosesləri də idarə edən Robert Koçaryandır. Sabiq prezident Serj Sarkisyan da Köçaryanın baş nazirliyini dəstəklədiyini vurğulayıb.
Yəni, Kremldən Ermənistan müxalifətinə fikir ayrılıqlarına kənara qoyaraq "birləşmək" mesajı verilib. Hər gün müxalifət əlində olan kütləvi informasiya vasitələrindən Robert Koçaryanın piarını aparır. Görünür, Moskva Paşinyana alternativ olaraq Koçaryanı seçib.
Ermənistanda gələn il keçiriləcək parlament seçkilərinə kimi Qarabağ separatçıları, Kilsə və müxalifət Koçaryanın ətrafında birləşməsi mümkündür. Baş nazir Paşinyan arxayındır ki, Koçaryan ona qalib gələ bilməz. Amma, R. Koçaryanın toparlanması və ətrafında yeni gücün ortaya çıxması fonunda seçkilərdə Paşinyana qarşı üstünlük əldə edə bilər. Necə ki, Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə Rusiya yönümlü partiya mer seçkilərində qalib gəldi.
N. Paşinyan S. Sarkisyan və R. Koçaryanı seçkilərə kimi neytrallaşdıra bilər. S. Sarkisyana cinayət işi qaldırılıb. R. Koçaryanın növbəti həbsi İrəvan və Moskva arasında yeni siyasi böhrana yol aça bilər. Moskva məhz Koçaryanın təhlükəsizlik təminatını N. Paşinyandan tələb etməsi istisna deyil. 2026-ci ilin yayının Ermənistanda "isti" keçəcəyi inidən gözlənilir. Rusiya Ermənistanda yenidən özünə sadiq adamları iqtidara gətirmək üçün birbaşa hərəkətə keçib. Rusiya bununla regionda Qərbi vurub çıxarmaq və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini ertələməyi planlaşdırır.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə,
Sitat.info