Mingəçevir Dövlət Dram Teatrı rəhbərsizlik şəraitində fəaliyyət göstərir...
Mingəçevir Dövlət Dram Teatrında idarəetmədə yaranmış boşluq narahatlıq doğurur. "DİA-AZ"ın əldə etdiyi məlumata görə, teatrın keçmiş direktoru İntiqam Soltanın istefasından sonra müəssisəyə nə yeni direktor, nə də bu vəzifəni müvəqqəti icra edəcək şəxs təyin edilib. Nəticədə teatr bir növ "avtopilot” rejimində fəaliyyətini davam etdirməyə çalışır.
Rəhbərliyin olmaması bir sıra inzibati və maliyyə problemlərinə yol açıb. Ən ciddi məsələ isə əməkdaşların əməkhaqqı ilə bağlı yaranmış çətinliklərdir. Yalnız teatr fəaliyyəti ilə dolanan işçilər hazırda maliyyə sıxıntıları yaşayır və bu durum onların həm şəxsi, həm də peşəkar həyatına mənfi təsir göstərir.
Teatr kollektivi vəziyyətin tezliklə həll olunmasını istəyir. Onların əsas tələbi — teatra tez bir zamanda yeni direktorun və ya direktor vəzifəsini müvəqqəti icra edəcək məsul şəxsin təyin edilməsidir. Əməkdaşlar hesab edirlər ki, bu addım həm idarəetmədə sabitlik yaradacaq, həm də teatrın gələcək fəaliyyəti üçün vacib zəmin formalaşdıracaq.