Bakıda avtobus zolaqları taksi sürücülərinə ciddi çətinliklər yaradır. Onlar müştəri götürüb düşürərkən cərimələndiklərini və bu səbəbdən qazancın cərimələrə getdiyini deyirlər.
Gununsesi.info-ya müraciət edən taksi sürücüləri qeyd edirlər ki, avtobus zolağına daxil olduqları üçün 100 manat cərimə və əlavə olaraq 3 cərimə balı tətbiq olunur. Hərəkət zolağında dayanarkən isə 80 manat məbləğində cərimələnirlər:
“VÖEN, “Asan imza”, buraxılış kartı, buraxılış vərəqi kimi bütün qanuni sənədlərimiz olsa da, bu problemlə qarşılaşırıq. Bu sənədlərin alınmasına təxminən 600-700 manat xərcləmişik, lakin nəticədə qazancımızın böyük hissəsi aylıq cərimələrə gedir. Ayda ən azı 150-200 manat cərimə ödəyirik. Bu vəziyyətdə necə işləyək? Əsas küçələrdə və yol kənarlarında xüsusi taksi duracaqları yaradılsa, həm müştərilər müəyyən nöqtədə gözləyər, həm də biz cərimə qorxusu olmadan rahat xidmət göstərə bilərik”– deyə sürücülər bildirirlər.
Bəs görəsən sürücülər necə etməlidir? Məsələnin həlli yolu nələrdir?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat xidmətinin rəhbəri Tural Orucov Gununsesi.info-nun sorğusuna cavabında bildirib ki, avtobusla sərnişin daşımaları şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir:
“Avtobus üstünlüyünün təmin edilməsi məhz sıxlıq olan küçələrdə lazımdır. Xüsusi avtobus zolağı daha çox sərnişinin daşınmasına imkan yaradır. Paytaxt küçələrində xüsusi hərəkət zolaqlarının yaradılmasında məqsəd sərnişinlərin vaxt itkisinə məruz qalmadan daşınmasını təmin etməkdir. Nəticədə avtobusların bu zolaqlarda orta sürəti artıb, marşrut üzrə hərəkət vaxtı isə 22 dəqiqəyə kimi azalıb. Əksər marşrutlarda interval qısalıb, sərnişinlərin sayı və onların ictimai nəqliyyata etibarı artıb. Hazırda paytaxtın 40-a yaxın küçə və prospektində ümumi uzunluğu 112 km xüsusi hərəkət zolağı təşkil edilib. Bu zolaqlarla gün ərzində 900 minə yaxın sərnişin daşınır. Avtobus zolaqlarının 160 km-ə çatdırılması nəzərdə tutulur”.
Qurumun sözçüsü qeyd edib ki, Bakının bir sıra küçə və prospektlərində 134 taksi duracağı mövcuddur:
“Onların əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən nəqliyyatın hərəkətinə maneə yaradır. Buna görə də AYNA məsələyə kompleks yanaşma tətbiq edərək, bəzi maneə yaradan məntəqələri ləğv edib, yeni cəlbetmə məntəqələrinin müəyyən edilməsi istiqamətində iş aparır.
Yeni cəlbetmə məntəqələrinin əsasən universitetlərin, ticarət mərkəzlərinin, nəqliyyat mübadilə mərkəzlərinin ətrafında, həmçinin avtobus zolaqlarının yaxınlığındakı alternativ yollarda təşkili nəzərdə tutulur.
Bu çərçivədə 10 yeni taksi məntəqəsi təşkil edilib, 9 məntəqə isə aidiyyəti qurumlarla razılaşdırılaraq mərhələli şəkildə quraşdırılacaq.
Sakinlərin də müraciətləri nəzərə alınaraq paytaxtın Tbilisi prospektində, A.M.Şərifzadə küçəsində, metronun “Ulduz” stansiyası ətrafında, “Gənclik” Mall-un yaxınlığında taksi minik avtomobilləri üçün duracaq, həmçinin minib-düşmə yerləri (drop off) təşkil edilib. Layihənin paytaxtın digər ərazilərində də həyata keçirilməsi üçün təhlillər aparılır”.
Gununsesi.info-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, taksi dayanacağı məsələsi hazırda olduqca aktualdır:
“Müşahidələrimə əsasən deyə bilərəm ki, bu sahədə müəyyən işlər görülür və hal-hazırda iki növ taksi dayanacağı mövcuddur.
Birincisi, taksi sürücüsünün avtomobili ilə gəlib sərbəst şəkildə müştərisini gözləyə bildiyi dayanacaqlardır.
İkincisi isə minib-düşmə məntəqələri — yəni “drop-off” yerləridir. Bu cür məntəqələrin sayı hələlik azdır. Məsələn, belə yerlərdən biri Tbilisi prospekti ərazisində yerləşir. Lakin mənə verilən məlumata əsasən, bu tip məntəqələrin sayının artırılması istiqamətində işlər davam etdirilir. Bizim də bu istiqamətdə təkliflərimiz olub və onlar nəzərə alınıb.
Bununla yanaşı, bir başqa vacib məqam da var ki, mən özüm də tez-tez müşahidə edirəm: taksi dayanacağı kimi nəzərdə tutulan yerlərdə çox vaxt fərdi nəqliyyat vasitələrinin sürücüləri avtomobillərini saxlayırlar. Bu isə taksilərin dayanmasına və sərbəst fəaliyyətinə mane olur.
Belə hallar yolverilməzdir. Cəmiyyət olaraq bir-birimizin işinə hörmətlə yanaşmalıyıq.”
Ekspert bildirib ki, taksi sürücülərinin cərimələrlə bağlı narazılığı mühüm məsələlərdən biridir.
Onun fikrincə sürücülər bəzən ikinci zolaqda dayanmağa məcbur qaldıqlarından cərimələnirlər:
“İkinci zolaqda maşını saxlayıb müştəri düşürmək olmaz. Bunun üçün avtobus zolağının qırıq-qırıq xətt olan hissəsində həmin zolağa daxil olub, yolun istiqamətində avtomobili saxlayaraq müştərini düşürmək və birinci qırıq-qırıq xətdən çıxaraq yoluna davam etmək lazımdır. Əgər bu qaydalara əməl olunarsa, düşünürəm ki, Dövlət Yol Polisi və Yol Patrul Xidməti əməkdaşları sürücünü buna görə cərimələməz.
Avtobus zolağına yalnız qırıq-qırıq xətt olmayan hissədən daxil olmaq, yaxud bu zolaqda uzun müddət hərəkətdə qalmaq qayda pozuntusudur və bu halda cərimə tətbiq edilməlidir. Amma sürücü qırıq-qırıq xətdən daxil olub və eyni qaydada çıxırsa, bu zaman cərimə olunmamalıdır”.
Eldəniz Cəfərov hesab edir ki, bu məsələdə sərnişinlər də müəyyən qədər diqqətli davranmalıdırlar:
“Taksi xidməti varsa və sərnişin istədiyi ünvana gedirsə, bu, o demək deyil ki, o, yolun istənilən hissəsində taksini sifariş edə bilər. Biz də müşahidə edirik ki, bəzi hallarda hərəkətin intensiv olduğu, yolun ortasında belə taksi sifariş edilir. Bu isə düzgün deyil. Taksi sifarişini daha təhlükəsiz və uyğun ərazilərdə — parklanma yerlərində və avtomobillərin intensiv hərəkət etmədiyi sahələrdə vermək daha məqsədəuyğundur”.