İşğaldan azad olunan ərazilərimizdə istifadəyə verilən üçüncü beynəlxalq hava limanı olan Laçın Beynəlxalq Hava Limanı həm strateji, həm də iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır. Şərqi Zəngəzur iqtisadi rayonunun uzun müddət işğalda qalması həmin bölgənin zəngin iqtisadi və turizm potensialından istifadə imkanlarını məhdudlaşdırmışdı. Lakin Laçın rayonunda beynəlxalq standartlara cavab verən hava nəqliyyatı infrastrukturunun yaradılması, bu potensialın reallaşdırılması üçün mühüm bir mərhələnin başlanğıcıdır.
Şərqi Zəngəzur bölgəsi Qafqazın həm qış, həm yay, həm də müalicəvi, tarixi və dini turizm imkanları ilə seçilən nadir ərazilərindəndir. Bu unikal imkanlar, xüsusilə postmünaqişə dövründə iqtisadi fəallığın bərpası və sürətli inkişaf üçün əlavə stimul rolunu oynayır. Tarixi və mədəni baxımdan da əhəmiyyətli olan bu bölgəyə turist axınının artması, Laçın Hava Limanının rentabelli fəaliyyətini dəstəkləməklə yanaşı, yerli sahibkarlığın, xidmət sektorunun və məşğulluğun inkişafına da təkan verəcəkdir.
Bundan əlavə, hava limanının ağır yük təyyarələrini qəbul etmək imkanına malik olması, onun yalnız sərnişin daşımaları deyil, həm də regional və beynəlxalq ticarət və logistika sahəsində strateji bir mərkəzə çevriləcəyini göstərir. Bu baxımdan, Laçın Beynəlxalq Hava Limanı təkcə nəqliyyat infrastrukturunun bir elementi deyil, eyni zamanda Şərqi Zəngəzurun və bütövlükdə Qarabağın iqtisadi dirçəlişinə xidmət edən çoxşaxəli inkişaf alətidir.
Maraqlıdır, ekspertlər bu hava limanının regional ticarət, logistika və turizm əlaqələrinin formalaşmasında rolunu necə qiymətləndirir?
İqtisadçı ekspert Eldəniz Əmirov “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən yenidənqurma və bərpa prosesi çərçivəsində inşa olunan Laçın Beynəlxalq Hava Limanı, yalnız nəqliyyat infrastrukturunun genişləndirilməsi baxımından deyil, həm də regional iqtisadi inkişafın strateji dayağı kimi mühüm əhəmiyyət kəsb edir. Ekspertin sözlərinə görə, hava limanının açılması ilə birgə turizm, kənd təsərrüfatı və logistik sektorlarında yeni imkanlar yaranır. Ənənəvi iqtisadi fəaliyyət sahələri ilə yanaşı, Laçında və ətraf rayonlarda kiçik və orta sahibkarlığın dirçəlməsi, regionun istehsal etdiyi məhsulların daha geniş bazarlara çıxarılması imkanları da əhəmiyyətli dərəcədə artacaq.
E. Əmirov qeyd edib ki, istənilən ölkədə yaradılan istənilən fəaliyyət sahəsi – bu, istər ictimai, istərsə də hərbi təyinatlı obyekt olsun – həmin ölkənin iqtisadi aktivliyinə, regionların dirçəlməsinə və sosial rifaha müsbət təsir göstərir:
“Bu baxımdan Laçın rayonunda istifadəyə verilmiş beynəlxalq hava limanı yalnız bir infrastruktur layihəsi deyil, əslində, daha genişmiqyaslı regional iqtisadi transformasiyanın strateji alətidir. O, Laçınla yanaşı, Kəlbəcər rayonunun da logistik imkanlarını genişləndirməklə bölgənin ticarət axınlarına və nəqliyyat çevikliyinə yeni nəfəs gətirəcək. Laçın Hava Limanı bölgənin daşımaçılıq sahəsində qovşağa çevrilməsinə zəmin yaradır. Bu isə birbaşa turizm, otelçilik və digər xidmət sahələrinin inkişafına şərait yaradacaq. Yeni hava dəhlizlərinin açılması, yalnız turizm axınını deyil, həm də kənd təsərrüfatı və sənaye məhsullarının bazarlara çıxış imkanlarını artıracaq, eyni zamanda kiçik və orta biznes (KOB) subyektlərinin müxtəlif sektorlar üzrə aktivləşməsinə güclü təkan verəcəkdir. Unutmaq olmaz ki, hava limanlarının fəaliyyəti bölgələrdə məşğulluğun artması baxımından da mühüm əhəmiyyət kəsb edir. Əmək bazarında yerli insan resurslarının iqtisadi dövriyyəyə daxil olması sosial sabitliyin möhkəmlənməsinə və regionların dayanıqlı inkişafına xidmət edir. Digər vacib divident isə investorlar üçün yaranan əlverişli mühitdir. İnfrastrukturun yaxşılaşması, gediş-gəlişin asanlaşması və logistika xərclərinin azalması sayəsində Laçın rayonunun iqtisadi məkan kimi formalaşması prosesi sürətlənəcək.
Nəqliyyat və logistika imkanları, xüsusilə də beynəlxalq hava nəqliyyatı bağlantıları, bir çox hallarda xarici və yerli sərmayədarların qərarlarında həlledici rol oynayır. Beləliklə, Laçın Hava Limanı sadəcə bir infrastruktur elementi deyil, strateji iqtisadi resurs kimi Azərbaycan iqtisadiyyatının regional inkişaf modelində özünəməxsus yerə sahib olacaq. Onun yaratdığı çoxistiqamətli təsir mexanizmi, növbəti illərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi canlanmanın əsas sütunlarından birinə çevrilə bilər”.