"Dövlət Vergi Xidməti yeni hoqqabazlıq edir..." "DİA-AZ" xəbər verir ki, bu ittihamla tanınmış hüquqşünas Əkrəm Həsənov çıxış edib.
"Deyir ki, vətəndaş özünün alış-veriş etmədiyi çek üzrə “ƏDV geri al”-dan yararlana bilməz..." deyə fikrini davam etdirən Ə.Həsənov daha sonra bunları əlavə edib:
"Yəni, məsələn, guya mən dostuma çeki verib deyə bilmərəm ki, ƏDV üzrə pulu sən al. Niyə olmaz axı? Hansı qanunda belə məhdudiyyət var? Yoxdur! Sadəcə vergi orqanı ƏDV üzrə ödəniş etməmək üçün yeni fənd işlədir. Bu bir yana, sual verirəm ki, vergi orqanı axı haradan bilir ki, çek üzrə alış-verişi dostum deyil, mən etmişəm? Deyilənə görə, vergi orqanı şəxsin gəlirinə diqqət edir: gəliri bu qədər ƏDV üzrə xərcindən azdırsa, bu qənaətə gəlir ki, alış-verişi başqa şəxs edib. Əvvəla, bu yanaşma kökündən səhvdir. Bəlkə şəxsin indi gəliri azdır, amma illərlə pul yığıb, indi də xərcləyir? Və ya bəlkə ona kimsə maddi yardım edib, ola bilməz ki? Ən əsası isə xatırladıram ki, hələ 2005-ci ildə məmurların gəlirlərinin bəyan edilməsi haqda Qanun qəbul olunub, amma hələ də icra olunmur. Yəni ölkənin məmurları gəlir bəyannaməsi vermədiyi halda sıravi vətəndaşdan necə tələb etmək olar ki, xərcin üzrə gəlirini təsdiqlə? Vergi orqanı belə prinsipialdırsa, əvvəlcə öz vəzifəli şəxslərindən, habelə digər yüksək vəzifəli məmurlardan başlasın! Maraqlansın görək ki, onlar hansı gəlirləri müqabilində dəbdəbəli evlərdə yaşayır, özləri və ailə üzvləri bahalı avtomobillərə və sair əmlaklara malikdirlər və s. və i.a. Hətta onların əynindəki paltarların və saatların qiymətini yoxlasalar, illik maaşlarından bahalı çıxar. Mən vergi orqanına bu işdə yardım etməyə hazıram. Elə onun öz rəhbər vəzifəli şəxslərindən başlayaq.
P.S. Ən əsası isə bu çek üzrə hər hansı vətəndaş alış-veriş edibsə, ƏDV üzrə ödənişin kim tərəfindən alınmasının nə fərqi var ki? Pul onsuz da büdcədən çıxacaq da! Bəlkə ciblərinə qoymaq istəyirlər?"