Müxalif “Biz Oyağıq” Hərəkatı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, general Artur Vanetsyanın baş nazirliyə namizədliyini irəli sürüb. Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Vanetsyanın namizədliyi məsələsində sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyan arasında fikir ayrılığı mövcuddur. Sərkisyanın komandası onu qəbulolunan namizəd kimi görsə də, Köçəryan bu prosesin nəticəsiz olacağı qənaətindədir. Köçəryanın deputatı İşxan Saqatelyan vasitəsilə Vanetsyana “ümidsiz oyuna girməmək” barədə ismarıc göndərdiyi bildirilir.
Qəzet iddia edir ki, Vanetsyan 8 deputatın imzasını toplaya bilsə, parlamentdəki müxalif fraksiyalardan ümumilikdə 28 deputatın dəstəyini əldə edəcək.
Məlumata görə, hazırda Vanetsyan Moskvadadır və namizədliyi ilə bağlı qardaşı ilə məsləhətləşir. Siyasi dairələr onun bu səfər çərçivəsində Rusiya rəsmiləri ilə də görüşəcəyini istisna etmirlər.
Erməni hökumətinə yaxın media Vanetsyanı Rusiya xüsusi xidmətlərinə yaxın fiqur kimi təqdim edir. İddialara görə, Moskva, Köçəryan və Sərkisyanın namizədliyinin ictimai narazılıq yaradacağını ehtimal etdiyi üçün alternativ kimi Vanetsyanı nəzərdən keçirir. Qeyd olunur ki, Robert Köçəryan da ötən həftə Moskvada səfərdə olub və bu mövzu Kremldə müzakirə predmeti olub.
Siyasi şərhçi Əziz Əlibəyli Sherg.az-a bildirib ki, bu gün Ermənistanda müxalifət daxilində ciddi fikir ayrılıqları var:
"Vanetsyanın namizədliyini Serj Sarkisyanın komamdası dəstəkləyir, lakin Robert Köçəryan ona qarşı ehtiyatlı mövqe tutur. Vanetsyanın 28 deputatın dəstəyini ala bilməsi iddia edilsə də, Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyasına qarşı üstünlük qurmağa nail olması istisna deyil. Həmçinin Paşinyan fraksiyası 2021-ci il seçkilərindən sonra parlamentdəki üstünlüyü saxlayıb. Ümumiyyətlə hökumətin devrilməsi üçün Vanetsyana ən azı 36 səs lazımdır. Digər tərəfdən 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra müxalifət Paşinyana qarşı kütləvi etirazları onu hakimiyyətdən devrilməsinə konsentrasiya edə bilmədi. Hər halda cəmiyyət Paşinyanın əleyhinə barikada qurmaq niyyətində deyil. Hətta Onik Qasparyanın başçılığı ilə 2021-ci ildə Ermənistan Baş nazirinin istefasını tələb edən böhran yaranmışdı. Nəticə etibarilə Paşinyanın ölkədə ordunun siyasi proseslərə qarışmaması kimi uğuru meydana çıxdı. Doğrudur, Rusiyanın dəstəyi ilə müxalifət Nikola qarşı təzyiqləri artıra bilər. Lakin 2018-ci ildən bu yana nə parlamentdə, nə də küçədə hökuməti devirməyə nail olunmur".
Şərhçi vurğulayıb ki, Vanetsyana gəlincə, Ermənistanın Qərbə meyilli gəncləri və Paşinyan tərəfdarları onu qəbul etmir:
"Üstəlik, Köçəryanın mövqeyi də müsbət deyil. Vanetsyanın Rusiya ilə əlaqələri Ermənistanın Qərbə meyilli kursunu dəyişmək istəyənlərin marağındadır. Bütün bunlar ölkəyə yeni gərginlik gətirir. Nəzərə alaq ki, Rusiyanın Cənubi Qafqazda təsirini qorumaq üçün Ermənistan daxilinə müdaxilə etmək imkanı var. Lakin Kreml düşünməlidir ki, Paşinyanın devrilməsinə qarşı açıq dəstək Ermənistan cəmiyyətində antirusiya mövqeyini gücləndirə bilər".