
Avqust ayında Çində avtomobil satışları 24 faiz azalaraq 1,54 milyon ədədə düşüb.
Bu barədə Çinin Sərnişin Avtomobilləri Assosiasiyası məlumat yayıb.
Çinin yüksək rəqabətli yerli avtomobil bazarında ötən ay kəskin daralma yaşanıb. İstehsalçıların qiymət müharibələrindən yayınmaq və daşınmaz əmlak böhranının istehlaka yaratdığı təzyiqi azaltmaq məqsədilə xarici bazarlara yönəlməsi də bu prosesdə rol oynayıb.
Çinin daxili bazarında ümumi avtomobil satışları ilin əvvəlindən bəri 20 faizdən çox azalıb.
Bəs Azərbaycanda Çin avtomobillərinin satışında da azalma müşahidə olunurmu?
Nəqliyyat eksperti Eldəniz Cəfərov “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda avtomobil bazarında ümumilikdə, təkcə Çin avtomobillərinin deyil, digər ölkələrdən gətirilən avtomobillərin də satışında ciddi azalma müşahidə olunur:
“Səbəblərdən biri hibrid və elektromobillərə tətbiq olunan ƏDV-dən azadolma güzəştlərinin müddətinin başa çatmasıdır. Hazırda belə avtomobillər ölkəyə gətirilərkən onların üzərinə ƏDV hesablanır. Bu da əvvəlki satış tempinin ümumilikdə zəifləməsinə səbəb olub.
Çin markalarından BYD-ni nümunə göstərmək olar. Azərbaycanda BYD-nin satışları artıb və rəsmi diler mərkəzləri də açılıb. Bu isə o deməkdir ki, avtomobillər istehsalçı zəmanəti ilə satılır, rəsmi servis mərkəzləri fəaliyyət göstərir. Buna görə də müştərilər tərəfindən daha çox üstünlük verilir”.
Ekspert qeyd edib ki, ƏDV tətbiqinin bərpasından sonra avtomobillərin qiymətində təxminən 18 faizlik artım yaranıb. O cümlədən, Çin istehsalı olan hibrid və elektromobillərin qiymətləri də yüksəlib.
























