"İndi də diplomlu qaragüruh Azərbaycanın görkəmli tarixçi almi Nəsib Nəsiblinin üstünə hücuma keçib. Suçu: Düşündüyü həqiqətləri yazıb. "Biz deyəni niyə yazmırsan?" tələbi ilə sosial şəbəkədə əsl qaragüruh etiraz nümayişi keçirir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında son günlər sosial şəbəkələrdə müzakirə tərəfi kimi çıxış edərək qalmaqallı fikirləri ilə gündəmə damğa vuran Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Onlarla dəyərli tədqiqatların müəllifi qos-qoca professor Nəsib Nəsibliyə də: "Sən haranın alimi oldun?" deyə ittiham yönəldirlər. Dünən bir video izlədim,10-15 il öncənin Tv proqramından... Xalq artisti Flora xanım Kərimova bu sahənin tədqiqatçılarına tarix dərsi keçdi və həqiqətən məni heyrətləndirdi. Danışmağa imkan verən kimi sadə məntiqin qarşısında çökürlər. Bunları da anlamaq lazım. Həqiqətlər üzə çıxdıqca yüzlərlə dissertasiya, məqalə mənasız bir kağız yığınına çevrilir, yüzlərlə elmi titulun içi boş qalır. On minlərlə özünü topluma bu ideoloji nağıl üzərindən vətənpərvər kimi tanıtmış şəxsin bilgisiz vətənşüvən olduğu aydınlaşır. Toplu müqavimət məhz buradan qaynaqlanır. Maraqlıdır ki, Nəsib Nəsibliyə qarşı içlərində ən çox tərbiyəsizlik edən də qonşu ölkənin ən fəal təbliğatçısı kimi tanınan və qatı Türkiyə düşməni olan bir partiya rəhbəridir. Yəni aparıb qumun içinə basdırıb xurmanı yedirtmişlərsə, artıq işin hazırdır. Yəni bu, yalnız xəstəlik deyil, bu ölkəmizin gələcəyi üçün düşünülmüş təhlükənin siyasi kodudur. Şimal hazırlamış, Cənuba ötürmüş. Hər ikisi də öz sürüsünü bizim otlağa buraxmış və kənardan durumumuzu izləyirlər. Bizim "intellektual" isə gedib ABŞ-da Fukuyama ilə dünyanın gələcəyini müzakirə etməyini gündəmə sunur. Üzünü qaranlıq keçmişə, dalını gələcəyə çevirənlər Azərbaycanda mühafizəkar, ABŞ-da liberal olmağı necə ustalıqla bacarırlar..."










